Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta ilə qarşılanacaq?

 31-10-2024

"Şişönü xəstəliklərin erkən diaqnostikasına aid bir çox tibbi xidmətlər icbari tibbi sığorta hesabına qarşılanır".

Bu barədə "Trend"ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

O qeyd edib ki, bu xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələri aid edə bilərik.

"Məsələn, qadınlarda ən çox rast gəlinən süd vəzisi xərçənginin erkən diaqnostikası icbari tibbi sığorta təminatına daxildir. Süd vəzisi xərçəngi diaqnostikasında qızıl standart sayılan mamoqrafiya müayinəsi, ultrasəs müayinə, MRT, biopsiya və digər laborator testlər icbari tibbi sığorta ilə qarşılanır.

Diaqnostik müayinələrlə süd vəzlərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etmək və vaxtında müalicəyə başlamaq mümkündür. Bu da gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır.

Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə qarşılanması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq qurumlarla müzakirələr aparmaqda davam edir. Ölkədə onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir, tibbi statistik məlumatlar analiz edilir, xidmətin maliyyə yükü araşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin imkanları öyrənilir, xidmətin göstərilmə imkanları araşdırılır. İcbari tibbi sığortanın Xidmətlər Zərfində dəyişikliklər olduqda bu barədə ictimaiyyətə məlumat veriləcək", - deyə N.Ağayeva əlavə edib.

Bənzər yazılar

0.087990999221802