Xırdalanda DOST Mərkəzinin yerləşdiyi binada güclü yanğın olub.
Qaynarinfo.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşən Gənclər şəhərciyində qeydə alınıb.
Yanğınla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt avtomobil yolunun 7-ci km-də 11 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər pəncərə çərçivələri və kondisionerlər yanıb. Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib. "Yanğının səbəbi araşdırılır. Əlavə məlumat veriləcək", - DYMX əməkdaşı bildirib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.