Eşqi Bağırov: "1500 uşağın təhsil haqqının bir hissəsini dövlət ödəyəcək"

 29-10-2024

"Özəl bağçalarda təhsil alacaq uşaqların təhsil haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək".

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Agentliyin 1 illik fəaliyyətinə dair hesabat brifinqində qeyd edib.

O bildirib ki, məqsəd özəl bağçalarla əməkdaşlıq çərçivəsində daha 1500 uşağı məktəbəqədər təhsilə cəlb etməkdir:

"Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Qrant vasitəsilə təhsil haqqının bir hissəsinin maliyyələşdirilməsi valideynlərin maliyyə yükünü azaldaraq daha çox uşağın keyfiyyətli təlim-tədrisə cəlb almasına şərait yaradacaq.

Bununla da, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artaraq 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının məqsədlərinə nail olunması təmin ediləcək. Dövlət-özəl əməkdaşlığı modelinin 1500 uşağı əhatə etməsi gözlənilir. Növbəti il bu layihənin daha çox uşağı əhatə etməsi planlaşdırılır".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, məktəbdənkənar təhsil müəssisələrinə şagirdlərin qəbulu elektronlaşdırılır. 

O qeyd edib ki, 20 pilot müəssisənin iştirak planlaşdırılır: "Mk.edu.az elektron sistemi istifadəyə veriləcək. Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə qəbulu elektronlaşdırılır. Prosesin çevik, daha əlçatan və şəffaf olması məqsədi ilə həyata keçiriləcək elektron qəbul prosesində 20 pilot müəssisənin iştirakı planlaşdırılır. Qeydiyyat Portal.edu.az veb-səhifəsi vasitəsilə həyata keçiriləcək. Valideynlər təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu məqsədlə təkmilləşdirilmiş mk.edu.az bazası 145 müəssisənin istifadəsinə verilir. Qəbul üçün müraciət edən uşaqların məlumatları mk.edu.az sistemi ilə inteqrasiya olunaraq avtomatik daxil ediləcək".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru bildirib ki, məktəbdənkənar təhsil müəssisələrində də nəzarət tədbirləri həyata keçirilir: "Monitorinqlər nəticəsində 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib. Agentlik tərəfindən 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib. Proses 145 müəssisənin 107-ni əhatə edib.

Müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılıb. Nəticədə 125 qrup bağlanılıb, 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət, şiddətli töhmət verilib. Cari tədris ilindən məktəbdənkənar təhsil müəssisələrinə işə qəbul mərkəzləşmiş qaydada həyata keçiriləcək".

O bildirib ki, məktəbdənkənar təhsil müəssisələrində çalışan məşqçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub: "Məktəbdənkənar təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması, peşəkar kadrların işə cəlb edilməsi vacib amillərdən biridir. MÜTDA tərəfindən "Məktəbdənkənar təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları" hazırlanıb. İşə qəbul müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada iki mərhələ - test imtahanı və müsahibə üzrə keçiriləcək. Vakant yerlər və tarixlər ictimaiyyətə elan ediləcək.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi də qarşıda duran hədəflər sırasındadır. Məqsəd məşqçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsidir. Bununla bağlı normativ sənədlər, qanunvericilik aktları təhlil olunub, ümumi təhsil müəssisələrində aparılan diaqnostik qiymətləndirmə təcrübəsi əsas götürülərək ümumi yanaşma əks olunub və MÜTDA tərəfindən çərçivə sənədi hazırlanıb".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov onu da qeyd edib ki, noyabrın 1-i saat 11:00-da 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək və şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

O bildirib ki, eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 1 noyabr - 1 dekabr 2024-cü il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər:

"Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 25 noyabr saat 11:00-dan etibarən aktiv ediləcək. Şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə istifadəçi adı və şifrə ilə daxil olması məhdudlaşdırılacaq. Şəxsi kabinetə giriş yalnız Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi ("Digital Login") ilə həyata keçiriləcək. Vətəndaşların tətbiq edilən yeniliklə tanış olması məqsədilə 31 oktyabr saat 15:00-dan etibarən sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə "Digital Login" vasitəsilə daxil olmaq funksiyası aktiv ediləcək".

Bundan başqa, Eşqi Bağırov bildirib ki, 2024-2025-ci tədris ilində 7 541 şagird peşə təmayüllü siniflərdə təhsil alır. O bildirib ki, peşə təmayüllü siniflərin təşkili layihəsinin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsidir:

"Bu yolla şagirdlər orta təhsil pilləsində əmək bazarına hazırlaşırlar. Bu hədəfə nail olunması üçün "Peşə təmayüllü siniflərin təşkili" layihəsi həyata keçirilir. Layihənin əsas hədəflərindən biri əmək bazarına uyğun kadrların yetişdirilməsidir. 2024-2025-ci tədris ilindən etibarən 15 ixtisas üzrə 7 541 şagird peşə təmayüllü siniflərdə təhsil alır. Peşə təmayüllü siniflərdə indiyədək 4 profil üzrə 12 peşə ixtisası tədris olunub. Yeni tədris ilindən əlavə olaraq 4 peşə ixtisasının pilot qaydada tədrisi aparılır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi - məktəb, 4 məktəbəqədər təhsil müəssisəsi - bağça fəaliyyət göstərir".

O bildirib ki, bağçalarda 96 uşaq, məktəblərdə 1 803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla ümumilikdə 1 899 nəfər təlim-tədrisə cəlb olunub: "Təxminən bir həftə ərzində jurnallarla təmin olunmayan məktəblərdə bu işlər yekunlaşacaq".

O bildirib ki, regionlarda yerləşən məktəblərdə jurnal təchizatının yubanması barədə məlumatlıdırlar:

"Bu gün jurnallarla bağlı problem var. Təchizat məsələsində bir neçə istiqamətdə yubanmalar qeydə alınır. Lakin buna baxmayaraq, təminat və təchizat işlərinin aparılması davam etdirilir. Bu gün səhər bir neçə min jurnal Bakı məktəblərinə çatdırılıb. Jurnallarla təmin olunmayan məktəblər də təxminən bir həftə ərzində təchiz olunacaq və bu işlər yekunlaşacaq. Agentliyin fəaliyyəti dövründə ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 134 nəfər direktor və direktor müavini işdən çıxarılıb, 133 nəfərə xəbərdarlıq, töhmət, şiddətli töhmət verilib".

O bildirib ki, nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür:

"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır. Tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır".

Bənzər yazılar

0.082874059677124