Şəxsiyyət vəsiqəsini üzərimizdə gəzdirməyə ehtiyac qalmayacaq 

 17-07-2024

Azərbaycanda dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Bildirilib ki, bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

"Vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda “mygov” tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək.

Şəxsiyyət vəsiqələrinin “mygov” üzərindən təqdim olunması müəssisələrə əməliyyatların sadələşdirilməsi və sürətlənməsi, fiziki şəxsiyyət vəsiqələrinə ehtiyacın azaldılması və kağızdan istifadənin minimuma endirilməsi kimi üstünlüklər təqdim edəcək.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsi ilə yanaşı, “mygov” üzərindən təqdim olunan nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatları da həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olacaq", - məlumatda deyilir.

Bənzər yazılar

0.18932104110718