Daha bir vəkil həbs edildi

 28-08-2024

Vəkil Fuad Əliyevin saxlanılması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Femida” vəkil bürosunda fəaliyyət göstərən vəkil vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə F.Əliyev haqda həbs qətimkan tədbiri seçilib.

Vəkillər Kollegiyasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, vəkil Əliyev Fuad Vilayət oğlu ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında Heyətin 17 may 2024-cü il və 10 iyul 2024-ü il tarixlərində fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərarlar qəbul edilib.

Bundan başqa, Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, vəkil Fuad Əliyev tərəfindən tanışına məxsus pulun dələduzluq yolu ilə ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Qaradağ rayon polis idarəsində cinayət işi başlanıb. O, iş üzrə 21 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, F. Əliyevin Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilib.

Qeyd edək ki, ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Rayon Vəkil Bürosunda əməliyyat keçirib. Əməliyyat nəticəsində büro müdiri və bir vəkil saxlanılıb.

Bənzər yazılar

0.11958003044128