Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Təyin olunan rektorun dosyesini təqdim edir:
Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub.
1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
1978-1984-cü illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (son illərdə Azərbaycan Dövlət İqtisad İnstitutu adlanıb) müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.
1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Üç monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.
Ailəlidir. Üç övladı var.