40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib 

 18-04-2024

“Bu ilin ötən dövründə uşaq bağçalarında aparılan monitorinq nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb”.

“Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, 200-ə yaxın müdirə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.

Direktor qeyd edib ki, monitorinqlər mütəmadi davam edəcək: “Bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulub”.

O, həmin yeniliklərin aşağıdakılardan ibarət olduğunu açıqlayıb: “Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) https://baku.edu.gov.az/az/page/333/7169 linkinə daxil olaraq, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.

Eyni zamanda bildiririk ki, 1 may tarixindən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi yoxlanışı” bölməsində “Azərişıq” ASC-nin abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Məskunlaşma sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır.

Bundan başqa, Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda, üstünlük hüququ əsasında, yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədə uğur qazandığı halda, valideynin digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək”.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib ki, mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq.

Onun sözlərinə görə, proses sentyabrın 13-nə kimi davam edəcək.

Direktor bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtın da açıqlayıb.

O bildirib ki, sertifikatlaşdırma iyunun 24-də keçiriləcək: “Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq. Məktəbdənkənar təhsil müəssisələrinə qəbul da elektronlaşdırılacaq”, - E.Bağırov deyib.

O bildirib ki, bu istiqamətdə də vətəndaş məmnuniyyəti, o cümlədən obyektivlik artırılacaq: “Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

Onun sözlərinə görə, 13 məktəbin təmir-tikintisi davam edir, ikisi yekunlaşıb, altısının isə təmir-tikintisinə başlanılacaq: “Bundan başqa, azad olunan ərazilərdə hazırda iki uşaq bağçası fəaliyyət göstərir, dördünün təmiri davam edir, dördünün də təmir-tikintisinə başlanılacaq. Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”, - deyə agentliyin direktoru əlavə edib.

Onun sözlərinə görə, dəqiq tarix məlum olmasa da, Bakıdakı imtahanla bir-iki gün fərqi ilə baş tutacaq: “Bundan başqa, Naxçıvanda ilk dəfə IV və VI sinif şagirdləri üçün yoxlama keçiriləcək”.

 

Bənzər yazılar

0.070621967315674