İstəsək də, Milli Məclisdə qaldırılan bütün məsələləri həll edə bilməyəcəyik.
Bunu Baş nazir Əli Əsədov parlamentdə deputatların qaldırdığı təkliflərə cavab verərkən deyib.
O deyib ki, istəklər hər zaman çox, amma onun hamısını icra etmək isə qeyri-mümkün olur. "Çünki istəklərin icrası, imkanlara bağlı olan məsələdir. İmkan olduqca biz irəli sürülən təkliflərin yerinə yetirilməsinə çalışacağıq",- baş nazir bildirib.
Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında hökumətin hesabatı zamanı deputatların suallarını cavablandırarkən bildirib ki, Azad olunmuş ərazilərin bərpası, müdafiə və milli təhlükəsizlik əsas prioritetlərdir.
Onun sözlərinə görə, ötən il deputatlar tərəfindən qaldırılmış məsələlərin bir hissəsi həllini tapıb, bir hissəsinin həllinə başlanılıb və işlər davam edir: “Yerdə qalan işlər də mərhələlərlə görüləcək. Məsələn, qəzalı binalar Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi arayışı ilə üç kateqoriyaya bölünüb və ən çətin vəziyyətdə olanlar birinci mərhələdə həll olunur. Sumqayıtda və Mingəçevirdəki ən çox qəzalı vəziyyətdə olan yataqxanaların sakinləri artıq köçürülüb. Yeni yataqxanaların tikilməsi də planda var”.
Baş nazir deyib ki, bütövlükdə ölkə üzrə 660 məktəbin təmirinə ehtiyac var: “Onlar da Elm və Təhsil, həmçinin Fövqəladə Hallar nazirlikləri ilə müzakirə olunaraq mərhələlərlə həll olunacaq. Eyni mərhələli yanaşma bütün infrastruktur məsələlərinə-qazlaşdırma, elektrik təminatı, yol və s. də aiddir. Mən söz vermirəm ki, deputatların qaldırdıqları bütün məsələlərin hamısı bir ildə həll olunacaq. Ancaq bütün burada qaldırılan məsələlər hökumətin gündəlik fəaliyyətinin predmetidir və mərhələlərlə ən zəruri işlər önə çəkilməklə görülür.
“Quru sərhədlərin bağlanması ilə ÜDM-in səviyyəsini əlaqələndirməyə gəldikdə isə faktlar göstərir ki, onlar arasında birbaşa əlaqə yoxdur. Məsələn, quru sərhədlər 2020-ci ilin 1ci rübündə bağlanıb. Amma, 2021-ci ildə ÜDM-in artımı 5.6%, 2022-ci ildə isə 4.6 % olub. Azərbaycanda 2023-cü ildə ÜDM-in artımının 1.1% olması ilə bağlı deyə bilərəm ki, BVF-nin qiymətləndirməsinə görə 2023-cü ildə avrozonada ÜDM-in artımı 0.5-0.6%-dir. 2023-cü ildə inkişaf etmiş ölkələr üzrə artım tempi 1.6% olub.
Dünya Bankının proqnozuna görə Azərbaycanda 2024-25-ci illərdə 2.5% orta iqtisadi artım gözlənilir. BMT isə 2.6-2.8% proqnozlaşdırır. Dünya üzrə isə 2024-25-ci illərdə orta artım proqnozu 2.6%-dir. Avrozona üzrə isə bu göstərici 1.2%-dir. Göründüyü kimi Azərbaycan dünya üzrə orta tempdən geri qalmır. Hazırda neft hasilatının enmə dövrünün sabitləşdirilməsi üzərində iş gedir”, - Ə.Əsədov qeyd edib.
Baş nazir vurğulayıb ki, Azərbaycan azad olunmuş əraziləri öz gücünə bərpa edir.