Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Gömrük Komitəsinin “Xidməti axtarış itlərinə sərf olunacaq quru it yemlərinin satın alınması” məqsədilə keçirdiyi tenderin qalibi “Univesal-RA” MMC (VÖEN- 1301581481) olub.
Komitə 18 min 349 kiloqram it yemi almaq üçün 80 min 737 manat 24 qəpik pul xərcləyəcək. Rəqəmlərdən də göründüyü kimi quru it yeminin 1 kiloqramının qiyməti 4 manat 40 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, Gömrük Komitəsinə 80 min 737 manat dəyərində it yemi satacaq “Univesal-RA” MMC 24.12.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğlu olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Yeni Yasamal 1, ev 6, m 174-də yerləşir.
Onu da bildirək ki, Gömrük Komitəsinin əvvəlki illərdə keçirdiyi analoji tenderlərin qalibi də “Univesal-RA” MMC olub. 2020-ci ildə Komitə it yemi almaq məqsədilə bu şirkətə 84 min 190 manat, 2021-ci ildə isə 82 min 532 manat ayırıb.