Bakıda "Range Rover"lə qəza törədən vəzifəli şəxsin sürücüsünə cəza verildi - Maşın polkovnikə qaytarıldı

 30-08-2024
Bakıda vəzifəli şəxsə məxsus 10-DF-090 dövlət nişanlı, "Range Rover" markalı avtomobillə qəza törədən sürücü ilə bağlı məhkəmə qərar verib. 
 
Qaynarinfo-nun məlumatına görə, 2022-ci ilin oktyabrın 8-də Sabunçu rayonu ərazisində, Bilgəh-Nardaran yolunda 1986-cı il təvəllüdlü Beytulla Babayev idarə etdiyi "Range Rover" markalı avtomobillə idarə etməni itirərək KİA markalı avtomobillə toqquşub. 
 
Nəticədə KİA-da olan Göygöl sakinləri - 2002-ci il təvəllüdlü Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüdlü Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olub, digər gənc - 1997-ci il təvəllüdlü Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanıb. Beytulla Babayeva Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 
 
 
Təqsirləndirilən şəxs məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, 7 ildir Sabunçu rayon sakini Elşən Əliyevin sürücüsü işləyib. Həmin şəxsə məxsus olan "Range Rover" markalı avtomobili etibarnamə əsasında idarə edib. O qeyd edib ki, hadisə günü Elşən Əliyevi "Lexus" markalı avtomobillə saat 21:00 radələrində Bilgəh qəsəbəsində olan bağ evinə aparıb.  Elşəndən icazə aldıqdan sonra ona məxsus "Range Rover"lə yaşadığı ünvana getmək üçün bağ evindən çıxıb. O, hər gün həmin avtomobillə evə gedərək, ertəsi gün isə müdirinin ünvanına qayıdıb və gecə adətən avtomobil onda qalıb. 
 
 
Hadisə günü də Bilgəh qəsəbəsindən Nardaran istiqamətində Bakı Dairəvi yolu ilə hərəkət edib. Sürəti təxminən 60-70 km/saat olub. O, iki tərəfli yolun özünə aid olan hissəsi, yəni sağ tərəfi ilə hərəkət edib. Bu zaman yolun sol tərəfi ilə bir avtomobil idarəetməni itirərək qəfil onun qarşısına çıxıb, onunla toqquşmamaq üçün yolun sağında olan torpaq hissəyə çıxıb, lakin toqquşma qaçılmaz olub. Əyləc sistemindən istifadə etsə də, toqquşmanın qarşısını ala bilməyib. Bundan sonra idarə etdiyi avtomobil yan üstə çevrilib, daha sonra avtomobil dayanıb. Tez avtomobildən düşüb, dərhal Elşənin nömrəsinə zəng edib hadisə barədə məlumat verib. Daha sonra həmin avtomobilə yaxınlaşıb, sürücünün xəsarət almadığını, üzərində qan izləri olmadığını görüb. Ətrafda olan şəxslər də KİA-dakı şəxslərin olanların köməyinə gəlib. Özü isə şok vəziyyətdə olduğu üçün kənarda durub onlara baxıb. 
 
Məhkəmədə adı qəzada hallanan Elşən Əliyev də izahat verərək deyib ki, həmin gün evdə işlər çox olduğundan Beytulla öz evinə bir az gec gedib. O deyib ki, hadisədən dərhal sonra həmin yerə gedib: "Məndən sonra hadisə yerinə polis əməkdaşları və digər şəxslər gəlib".
 
Məhkəmədə zərərçəkmişlərin yaxınları təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər. 
 
Məhkəmənin hökmü ilə Beytulla Babayev Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Cəzanın əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanacaq. Məhkəmənin qərarı ilə qəzaya düşən "Range Rover" avtomobili Elşən Əliyevə qaytarılıb.
 
Qeyd edək ki, dövlət nişanı 10-DF-090 olan "Range Rover" avtomobilin sahibi Elşən Əliyev polkovnik rütbəsi daşıyır və Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə çalışıb. Polkovnikin adına 90-ND-700 nömrəli "Mini Cooper", 10-GV-700 nömrəli "Lexus LX570”, 10-BS-700 nömrəli "BMW 740LI", 10-DF-090 nömrəli "Range Rover”, 10-HA-700 nömrəli "Porsche Panamera”, 90-HD-700 nömrəli "KIA Optima” markalı avtomobillər də var.

Bənzər yazılar

0.22130990028381