Professorun qəzada ölməsi ilə bağlı cinayət işi başlanıldı

 26-08-2024

Professor Nəsiman Yaqublunun qəzada ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Cəbrayıl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə istintaq aparılır.

Hadisə mərhum professor Zəngilandan qayıdarkən, Füzuli rayonunun Nüzgar kəndi ərazisində qeydə alınıb.

Tarixçi-professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşüb. Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd idi. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, dünən saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu “Nissan” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bundan başqa, TƏBİB qəzada vəfat edən Nəsiman Yaqublu barədə məlumat yayıb.

Qurumdan bildirilib ki, Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.

Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb”, - deyə məlumatda qeyd olunub.

Bənzər yazılar

0.20075106620789