Azərbaycanlı diplomatın başına silahla zərbə endirildi: Bahalı saatı oğurlandı

 07-08-2024

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və onun həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.

Oxu.Az Sudinfo.be saytına istinadən xəbər verir ki, Brüsselin Luiza prospektində iki nəfər şəxs azərbaycanlı diplomat və onun xanımına yaxınlaşıb.

Bildirilir ki, hadisə avqustun 5-də, saat 15:30-dan (Bakı vaxtı ilə 17:30) bir qədər əvvəl Brüsseldəki Stefaniye meydanının yaxınlığında, Luiza prospektində baş verib.

“Onların başına tapançanın qundağı ilə vurulub və hər ikisindən dəyəri ümumilikdə 90 min avro (təxminən 167 min manat) olan iki ədəd “Rolex” qol saatı götürülüb”, - nəşr yazır.

APA.az-a Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə deyib ki, 5 avqust tarixində məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq:

“Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxularaq, bizi silah və bıçaqla hədələyərək, üzərlərimizdəki əşyaların onlara verilməsini tələb ediblər. Onlar xanımımın çantasını və qollarımızdakı “Rolex” model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar. Polis dərhal əraziyə gələrək, hadisənin araşdırılmasına başlayıb. Polis tərəfindən verilmiş məlumata əsasən, hal-hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir.

Həmçinin, qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar “Rolex” markalı olsa da, onlar metalik və sadə modellər olub.

Bu hücum hadisəsi barədə, həmçinin, Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub”, - azərbaycanlı diplomat bildirib.

Məlumat üçün əlavə edək ki, Cəfər Hüseynzadə 2022-ci ilin oktyabrında Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Bənzər yazılar

0.88599705696106