Binalar tikilib, yaşamaq üçün qayıq gərəkdir: Savalan massivinin dərdinə kim çarə edəcək? - FOTO/VİDEO

 08-05-2024

“Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Savalan massivinin yolları yağışlı havalarda keçilməz olur”.

Belə bir şikayətlə Oxu.Az-a massivdə yaşayan sakinlər müraciət ediblər.

Qeyd olunub ki, ərazidəki binalar şəhid və qazi ailələri üçün tikilib. Binalar tikilib təhvil verilsə də, ərazidəki yola bir əncam çəkən yoxdur.

“Hər dəfə yağış yağanda bu yol keçilməz olur. Çox əziyyət çəkirik. Aidiyyəti qurumlar vəziyyəti bilsələr də, problemi həll etməkdə maraqlı görünmürlər”, - şikayətdə vurğulanır.

Daxil olan şikayət əsasında Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

İcra hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, problemin yaranmasında əsas səbəb ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmamasıdır:

“Maştağada mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından qəsəbənin bir neçə küçəsində, o cümlədən Leyla Bədirbəyli küçəsində intensiv yağıntılar zamanı yığılan suların kənarlaşdırılmasında çətinliklər yaranır. Bununla bağlı RİH-in daxili imkanları hesabına həmin küçələrdən sututarı olan avtomobillər vasitəsilə mütəmadi olaraq yığılan sular kənarlaşdırılır.

Eyni zamanda, onu da nəzərinizə çatdırırıq ki, sözügedən şəbəkənin qurulması “Azərsu” ASC tərəfindən dövlət proqramları çərçivəsində həyata keçirilir”.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu ərazinin təmsil etdiyi quruma heç bir aidiyyəti yoxdur.

Bənzər yazılar

0.11272501945496