Masallı rayonunda 1989-cu il təvəllüdlü Toğrul qardaşı arvadı ilə sevgi münasibətində olan həmyerlisi Sərxana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 3 aprel 2023-cü ildə saat 23 radələrində baş verib. Toğrul həmyerlisi Sərxanın guya onun qardaşı Valehin keçmiş arvadı Aydanla aralarında sevgi münasibəti olması səbəbindən ailənin dağılması barədə onda formalaşmış fikirləri əsas gətirərək onu cəzalandırmaq qərarına gəlib.
Bu məqsədilə Toğrul sərxoş vəziyyətdə Masallı şəhəri ərazisində yerləşən “Təzə Bazar” adlanan yerin arxa tərəfində üzərində silah qismində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış cib bıçağı ilə Sərxanın sol qarın nahiyəsinə vurub.
İstintaq orqanı tərəfindən Toğrulun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə 3 aprel 2023-cü ildə saat 23 radələrində baş verib: "Sərxana bıçaqla xəsarət yetirərkən hər hansı xuliqanlıq niyyətində olmamışam. Dəfələrlə Sərxanla onun hərəkətləri barədə söhbətlər etmişəm. Sərxanın qardaşım arvadı ilə münasibətləri barədə hamının məlumatı olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Sərxanın hər axşam yaşıdları ilə çayxanada olduğunu bilib: “Əvvəlcədən Sərxana xəsarət yetirəcəyimi fikirləşmişəm. Sərxanla Aydanın münasibətləri olması, buna görə qardaşımın boşanması barədə mən 16 saylı cəzaçəkmə müəssisəsində olarkən eşitmişəm. Amma qardaşım mənə konkret söz deməyib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə,həmin gün çayxananın pəncərəsindən içəri baxdıqda Sərxanı görməyib: “İçəri girib Sərxanın nömrəsini aldım və ona zəng etdim. O, idman kompleksində olduğunu dedi. İşini qutardıqdan sonra zəng etməyini istədim. Həmin vaxt yolu keçmək istəyərkən Sərxan mənə yaxınlaşdı. Bu zaman bildim ki, o, heç idman kompleksində olmayıb.
Sərxanla söhbət etməyə getdik. Onunla aramızda 1 yaş fərqi var. Qardaşıma da bildirmişdim ki, həbsdən çıxdıqdan sonra bu məsələni həll edəcəm. Sərxanı vurmaqda məqsədim onu cəzalandırmaq olub. Himayəmdə bir qız uşağı olduğundan, Sərxan da həmkəndlimdi deyə onun yaşadığım kənddə belə hərəkət etməsini qəbul edə bilmədim. Qardaşımın ailəsi dağıldıqdan sonra başını götürüb kənddən gedib, evə gəlməyib.
Hadisə vaxtı Sərxan idman kompleksində olduğunu desə də, mənə təsadüfən rast gəldi. Söhbət zamanı soruşdum ki, mənim qardaşıma "qardaş" demisən, bəs niyə belə etmisən? Sərxan mənə müqavimət göstərmək istəyəndə onuy vurdum. Əslində onu arxasından vurmaq istədim, amma vura bilmədim.
Sərxanı vurduqdan sonra onun əmisi uşaqları gəldi. Hadisə yerindən uzaqlaşıb polis şöbəsinə getdim”.
Toğrul deyib kui, hazırda zərərçəkmiş şəxslə barışıb, himayəsində azyaşlı uşaqları var: “Həmçinin 3-cü qrup gözdən əlilliyim var. 2021-ci ildə cəzaçəkmə müəssisəsindən çıxmışam. Hadisəyədək keçən 2 il ərzində Sərxanı görürdüm. Lakin bəzi işlərim, ailə problemlərim olduğundan onu vurmamışam. Əvvəllər onunla bu barədə bir neçə dəfə söhbət etmişəm. Amma o, əməlini etiraf etməyib, Aydanla münasibəti olmadığını bildirib.
Aydanla bu barədə danışmamışam. Aydanın mobil nömrəsi ilə Sərxanın mobil nömrəsi arasında danışıqlar olduğundan onların münasibət saxlamasına əmin olmuşam. Bu barədə qardaşımdan soruşmamışam. Bu məsələlər barədə Sərxanın əmisi oğlu, bibisioğlu və digər qohumları ilə də söhbət etmişəm”.
İş üzrə zərərçəkmiş Sərxanın sözlərinə görə, aprelin 3-də axşam saatlarına çayxanaya gedib, sonra dostu idman kompleksində futbol oynadığından ora yollanıb: “”Həmin vaxt mənə zəng gəldi. Zəng edənin Toğrul olduğunu bildim. Məndən harda olduğumu soruşdu. Olduğum yeri deyəndə mənimlə görüşmək istədiyini dedi, “Seybəttin” dairəsində məni gözlədiyini bildirdi. Buna görə həmin yerə gəldim. Vağzalın yanında görüşdük. Ümumi məsələlərdən danışa-danışa “Təzə Bazar”ın arxasına tərəf getdik.
Bazarın arxasına çatdıqda Toğrul mənə qardaşının ailəsinin dağıldığını dedi, bu işlərin axırının necə olacağını soruşdu. Bildirdim ki, qardaşın Valehin ailəsinin dağılması ilə mənim heç bir əlaqəm yoxdur. Valehin tapşırığı ilə yoldaşını takisdə anasıgilə aparmışam. Daha sonra Valehlə birlikdə gedib Aydanı götürüb evinə gətirmişəm.
Belə danışıqlar gedən vaxt Toğrul birdən-birə bıçaq çıxararaq məni vurdu. Hadisə yerinə əmim uşaqları gəldi. Toğrul oradan qaçıb getdi”.
Zərərçəkmiş bildirib ki, Toğrul onu çağırarkən hansı mövzuda söhbət edəcəklərini bilməyib: “Toğrulun çağırışına getməkdən yayınmamışam. Mənə hər dəfə görüşəcəyini deyib, buna görə də onunla görüşmüşəm. Aydanı qonşu gəlini kimi tanımışam, aramızda münasibət olmayıb. Masallı rayonunda mağazada işləyərkən Aydanın bibisi ərzaq alaraq mənə verib və Aydangilə aparmağımı xahiş edib. Mən də evinə gələndə yoldaşım mənim telefonum ilə Aydana zəng edərək ərzaqla bağlı xəbər verib. Valeh Aydanın nömrələrinə gələn zəngləri çıxardıqda mənim də nömrəm çıxıb. Buna görə məndən şübhələniblər. Valehin özünə də izah etmişəm. Amma Toğrula bu barədə birşey deməmişəm.
Toğrul həbsdən çıxdıqdan sonra mənimlə bu mövzuda söhbət edib, dəfələrlə mənə zəng vurub. Söhbətlərdə deyilənləri inkar etmişəm. O, cavablarımdan razı qalmayıb. Mənimlə bir daha söhbət edəcəyini bildirib.
Aydanla münasibətimin olması barədə Toğrul mənə hər hansı sübut göstərməyib. Kənd arasında mənimlə Aydanın münasibətləri barədə söz-söhbətlər gəzib. Bu söz-söhbətlərin yayılmasına səbəb Valehgilin hərəkətləri olub”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib. Ona 4 il 6 ay cəza təyin edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.