Məhkəmə 17 yaşlı qızı qaçıran şəxs barədə qərar verdi

 03-04-2024

Şirvan Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Cəlilabad şəhər sakini, 1993-cü il təvəllüdlü A.S. və dayısı oğlu, 1994-cü il təvəllüdlü H.M.-in barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin H.M.-ə aid hissədə dəyişdirilib. Belə ki, onun Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli ilə təyin olunmuş 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanıb və H.M.-ə cinayətlərin məcmusu üzrə qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlama) maddəsi ilə təqsirləndiriliblər. Araşdırmalar zamanı məlum olub ki, A.S. dayısı oğlu ilə əvvəlcədən plan qurub. Onlar H.M.-in atasına məxsus VAZ markalı avtomobillə A.S.-nin qonşuluğunda yaşayan 17 yaşlı qızı izləyiblər. Qız dərsdən çıxıb yaşadığı evə gedərkən qəfil yaxınlaşaraq onu zorla avtomobilə əyləşdiriblər.

Bundan sonra A.S. evlənmək məqsədilə qaçırdığı qızı dayısının evinə aparıb. Bir qədər sonra ora polislər gəlib və qızı ailəsinə qaytarıblar. A.S. isə üç gün ərzində çayın kənarında gizlənsə də, sonradan polisə təslim olub. Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən qaçırılan qız A.S.-dən şikayətçi olduğunu deyib. O, A.S.-nin dayısı oğlunu əvvəldən tanımadığını deyib və ona qarşı şikayətinin olmadığını bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.S.-yə 10 il 6 ay, H.M.-ə isə 10 il həbs cəzası verilib.

 

 

Bənzər yazılar

0.085778951644897