“Azərbaycan-Ural” diaspora cəmiyyəti Donetsk və Luqanski üçün yardım toplayır? - İDDİA

 03-03-2022

Sədr Rusiya mediasının yazdıqlarını yalanlayır

 

Rusiyanın Sverdlovsk vilayətində fəaliyyət göstərən «Azərbaycan-Ural» diaspora cəmiyyəti Rusiyanın nəzarətindəki Donetsk və Luqansk “respublika”ları üçün yardım kampaniyasına başlayıb.

Kampaniya çərçivəsində geyim, ərzaq, məişət texnikası, gigiyenik vasitələr, yataq dəstləri toplanır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, xeyli insan Rusiya banklarına etibar etmədiklərindən cəmiyyətə nəğd vəsait ianə edir.

Kampaniyanı “Azərbaycan-Ural” cəmiyyətinin sədri Şahin Şıxlinskinin təşkil etdiyi bildirilir.
Yardım isə elə ona məxsus, Yekaterinburq şəhərinin Sulimov küçəsində yerləşən “Baku Plaza” ticarət mərkəzində toplanır.

Şahin Şıxlinski Avropa Azərbaycanlıları Konqresinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür.

Şahin Mürvət oğlu Şıxlinski Dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə də təltif olunub.

Şahin Şıxlinski Meydan TV-yə məlumatı yalanlayıb. Sözügedən kampaniya ilə heç bir əlaqəsi olmadığını deyib. Sonra isə telefonu söndürüb.

Rusiyada yaşayan azərbaycanlılar 44 günlük İkinci Qarabağ Müharibəsi dönəmində Şahin Şıxlinskinin Azərbaycana yardım etmədiyini deyirlər. Lakin yerli mətbuat müharibədən sonra Ural Federal Dairəsinin Azərbaycan diasporunun yanıqların müalicəsində istifadə olunan iki ədəd “Dermatom” tibbi cihazı və onlara əlavə materialları alaraq Bakıya göndərdiyini yazır.

Bundan başqa, yerli mətbuatda Şahin Şıxlinskinin adı Dövlət Təhlükəsizlik Xidmətinin valyuta qaçaqmalçılığı ilə bağlı keçirdiyi əməliyyatda hallanır. Hakimiyyətyönümlü “Publika” saytının yazdığına görə, əməliyyat zamanı ələ keçən dəstəyə Aqil Kamandar oğlu Məmmədovun rəhbərlik etdiyi müəyyənləşib.

Qazaxın II Şıxlı kənd sakini olan Aqil Məmmədovun rayonda tanınan və Rusiyada yaşayan diaspor lideri Şahin Şıxlinski ilə daimi əlaqə saxladığı müəyyən olunub. Üzə çıxıb ki, Aqil Məmmədovla Şahin Şıxlinskin “Sınıq körpü” sərhəd keçid məntəqəsindəki avtovağzala şərikdirlər.

“Belə iddialar da var ki, ölkə ərazisindən külli miqdarda valyuta çıxarılmasına Şahin Şıxlinskinin də aidiyyatı var. Hətta bəzi iddialara görə, bütün prosesə onun özü rəhbərlik edib”, – hakimiyyətyönümlü media yazıb.

Mənbə Meydan TV

Bənzər yazılar

0.23153209686279