Masazırda iki təhlükəli və qanunsuz tikintinin sahibi MƏLUM OLDU – FOTOFAKT

 12-03-2022

Abşeron rayonu Masazır qəsəbəsində fərdi evlərin ortasında aparılan təhlükəli və layihədənkənar tikinti ilə bağlı məsələni dəfələrlə ictimailəşdirmişik.

Həmin ünvanda fərdi evlərdə yaşayan sakinlərin qanunsuz tikintinin dayandırılması ilə bağlı haqlı tələblərini dərc etmişik. Hətta rəsmi qurumların bu barədə açıqlamalarını gündəmə gətirmişik. Amma məsələ həllini tapmır. 

Söhbət Masazır kəndi, Yeni yaşayış massivi, Rəsul Rza və İsmət Qayıbov küçələrində aparılan iki təhlükəli və qanunsuz tikintidən gedir. 

Atalar məsəlimizdə də deyildiyi kimi, dəyirman öz işindədir, çax-çax baş ağrıdır və ağrıdacaq...

Hər iki layihə planında 3 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da, ərazidə çoxmərtəbəli tikili inşa edilir və bunun üçün əvvəlcədən hüdudlar salınıb. Hansı ki, ətrafındakı fərdi yaşayış evləri ilə heç bir ara məsafəsi gözlənilməyib.

Qeyd edək ki, sözügedən ünvanda yaşayan 14 nəfər sakin hər iki tikintinin dayandırılması ilə bağlı aylardır ki, aidiyyəti qurumlara rəsmi məktubla müraciətlər ediblər. Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məhəmmd Həsənov tərəfindən bu il fevralın 7-də vətəndaş Fazil Qafarlının məktubuna cavab olaraq qeyd edilib ki, ərazidə tikintinin aparılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməyib:

“Pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyinizi tövsiyə edirik. Əlavə olaraq bildiririk ki, qanunsuz tikintinin sökülməsi və ya dayandırılması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir”, - deyə məktubda qeyd olunub. 

Növbəti dəfə Bizim.Media-ya müraciət edən sakinlərin bildirdiyinə görə artıq təhlükəli tikintinin birində 4-cü, digərində isə 5-ci mərtəbə qaldırılıb və inşa işləri bu gün də davam etməkdədir.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dəfələrlə tikintinin aparılmasına müdaxilə etsə də, bu proses yalnız bir və ya iki gün çəkib. Bir sözlə qurum nə tikintinin tamamilə dayandırılmasına müvəffəq olur, nə də yerli icra hakimiyyətinə söz keçirə bilir. 

Fazil Qafarlının sözlərinə görə Abşeron Rayon İcra Hakimiyyətinin ard-arda onların şikayətinə cavab olaraq fərqli cavab verməsi də anlaşılan deyil:

“Əvvəl məlum oldu ki, hər iki tikintiyə ümumiyyətlə icazə verilməyib. Sonradan Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsınin baş məsləhətçisi Elvin Quliyev tərəfindən məktubumuza yeni cavab gəldi. O, aparılan hər iki tikintinin Ceyhun Məzahir oğlu Cabbarova aid olduğunu qeyd edərək 2021-ci il dekabrın 29-da həmin şəxsə fərdi ev tikilməsi üçün “məlumatlandırma icraatı” qaydasında icazə veridiyini bildirib. Anlamırıq məlumatlandırma icraatı nə xarakter daşıyır və əgər 3 mərtəbəyə icazə verilibsə, orada niyə çoxmərtəbəli bina tikilir?  

Aidiyyəti qurumlar qanunsuz tikili ilə bağlı dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə xəbərdarlıq ediblər. Rayon icra başçısının da bundan xəbəri var. Amma nədənsə heç bir tədbir görülmür.

İsmət Qayıbov küçəsində aparılan tikinti ilə evim arasında 3 metr məsafə var. Halbuki bu məsafə ən azı tikilən binanın hündürlüyünün yarısı qədər olmalıdır. Bəs indi mən yaşamayım?”, - deyə şikayətçi qeyd edib. 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsı,  eləcə də mətbuat xidməti ilə əlaqə yaratsaq da, mümkün olmayıb.

Ümumiyyətlə icra hakimiyyətindən qaldırdığımız məsələyə hər hansı reaksiya verilməyib. 

Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bizim.Media-nın qaldırdığı məsələni araşdıraraq, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi sənədlə icazə verilən binanın layihədən kənar tikildiyini  təsdiqləmişdi. Həmçinin qanunsuz tikilinin dayandırılması ilə bağlı yerli icra hakimiyyətinə də müraciət etmişdi. Amma indiyədək tədbir görülməyib.



Müəllif Alçina Amilqızı 

 

Bənzər yazılar

0.26085305213928