Ukraynada öldürülən dörd azərbaycanlının cəsədi həmin ərazidəki morqa yerləşdirilib.
Əslən Kəlbəcərdən olan qohumların nəşləri yaxın günlərdə Azərbaycana gətiriləcək.
Xezerxeber.az-ın məlumatına görə, onlar Rusiyanın hərbi müdaxiləsi ilə Ukraynada başlayan müharibənin od-alovundan qurtulmaq üçün ölkədən çıxmaq istəyiblər, ancaq ölüm onları Moldova sərhədində yaxalayıb.
Uzun müddətdir ki, Ukraynada yaşayan Kəlbəcər rayonunun Təkəqaya kəndinin sakinləri - 46 yaşlı Nemət İsmayılov və 56 yaşlı Rəhim İsmayılov qardaşları, eləcə də Rəhim İsmayılovun 27 yaşlı oğlu Qabil İsmayılov və bacısının oğlu 25 yaşlı Camal Salmanov fevralın 27-də Ukraynadan Moldovaya keçərkən Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən atəşə tutulublar.
Həmin vaxt orada olan bacıları Yaxşı Məmmədova deyir ki, sərhədi keçməyə çalışan insanlara kimin və niyə atəş açdığını hələ də başa düşə bilmir:
“Onda elə başa düşdüm ki, dünya dağıldı. Düşündüm ki, göydən nəsə gəldi. Hamı bir anlıq başını tutdu. Başımı qaldıranda gördüm ki, heç biri yoxdur. Hamısı yan-yana düzülmüşdü. Həmin meyitləri özüm götürdüm. Hamısını gözümün qabağında vurdular”.
Vurulanlardan 3-ü yerindəcə, biri isə sonradan xəstəxanada dünyasını dəyişib. Yaxşı Məmmədova sağ qalan digər qohumu ilə Moldovadan keçərək Azərbaycana gəlib. Onun həyat yoldaşı isə meyitləri gətirmək üçün hazırda orada gözləyir.