“Azərbaycan TÜRKSOY-un lider dövlətlərindən biridir və təşkilata böyük töhfə verir”. Bunu “Report”un Bursaya ezam olunmuş müxbirinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov bildirib.
Onun sözlərinə görə, təşkilat Azərbaycanın Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığı davam etdirmək niyyətindədir: “Azərbaycan türk dünyasında xüsusi yer tutur və əhəmiyyətli mövqeyə malikdir. Hər ili Azərbaycanın hansısa tanınmış mədəniyyət xadiminin ili elan edirik. Bütün dünyaya onların yaradıcı irsini və əsərlərini nümayiş etdiririk”.
Bundan başqa, TÜRKSOY Baş katibi Düsen Kaseinov bildirib ki, Azərbaycana dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dirçəltmək, buraya yeni nəfəs gətirmək çox zəruridir: “Şuşanı dirçəltmək istəyirik. Azərbaycana o qədər dahi sənətkar bəxş etmiş şəhəri dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirməliyik. Biz təşkilat olaraq bunun üçün əlimizdən gələni edəcəyik”, - deyə qurum rəhbəri vurğulayıb.
Düsen Kaseinov onu da qeyd edib ki, TÜRKSOY Daimi Şurasının bu gün Bursa şəhərində keçirilən növbədənkənar iclasında Türk Dünyası Mədəniyyət Paytaxtının 2023-cü ildə Şuşa şəhəri olacağı barədə qərar verilib.
Xatırladaq ki, TÜRKSOY 2017-ci ili “Molla Pənah Vaqif ili” elan edib və bununla əlaqədar bir sıra tədbirlər keçirib, 2018-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə tədbir həsr edib, 2019-cu ili “İmadəddin Nəsimi ili” elan edib, bu il isə TÜRKSOY çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi qeyd ediləcək.