Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

 25-04-2024

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. 

Yeni Sabah”ın məlumatına görə, bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən ayrılıb. Onun yerinə isə bankın audit komitəsinin üzvü Ramin Hüseynov təyin edilib. 

Qeyd edək ki, ilin əvvəlində  Bank BTB-nin İdarə Heyətinin sədr müavini Rauf Qurbanov bankdan ayrılmışdı. Paralel olaraq bir neçə departament rəhbəri və işçilərin də bankdan ayrıldığı haqqında məlumatlar var. 

Bankdakı mənbənin verdiyi məlumata görə, yüksək əməkhaqqı verməmək üçün artıq bir ildir ki, bankın İdarə Heyətinə sədr təyin edilmir. İH sədrinin birinci müavini Eldəniz Hüseynov həm də sədr vəzifəsini icra edir. Qeyd edək ki, İdarə Heyətinin keçmiş sədri Emil Rzayev ötən il mart ayında bankdan kənarlaşıb. 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Məsələ ilə bağlı “Yeni Sabah”ın bankın mətbuat xidmətinə verdiyi sorğuya heç bir cavab verilməyib.

Bənzər yazılar

0.17106986045837