"İşləri obyekt tikmək, açmaq deyil, zəhmət çəksinlər..." - Bitməyən problemin həlli

 01-05-2024

Son vaxtlar səkilərin zəbt olunaraq parkinqə çevrilməsi ilə bağlı hallar tez-tez müşahidə olunur. Bu zaman piyadaların yolları daralır, bəzi hallarda onlar məcburiyyətdən yolun hərəkət hissəsinə daxil olurlar. Digər tərəfdən obyekt sahibləri də müştərilərin rahatlığı üçün parkinq yerlərinə ehtiyac duyduqlarını bildirirlər.

Nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli “Ölkə.Az”a açıqlamasında bildirib ki, şəhər ərazisi o qədər yüklənib ki, avtomobilini park etməyə yer tapmayan sürücülər artıq səkilərə çıxırlar: “Bundan sui-istifadə edən şəxslər isə həmin səkilərdə qeyri-leqal parkinq xidmətləri göstərirlər. Digər tərəfdən parkinq qiymətləri kifayət qədər bahadır. Günlük olaraq, iş yerinin yaxınlığında avtomobilini park etmək istəyən vətəndaşlar əməkhaqlarının böyük hissəsini bura ödəməli olur”. 

Obyektlərə gəlincə isə ekspert deyir ki, onlar obyektin qarşısındakı yolun dövlətə məxsus olduğunu və insanların istifadəsi üçün nəzərdə tutulduğunu başa düşməlidirlər: “Obyekt yalnız tikildiyi torpaq üzərində mülkiyyətçilik hüquqlarına sahibdir. Təəssüf ki, bəzi hallarda obyektin rəhbər şəxslərinin avtomobillərini park etməsi üçün ictimai ərazilər zəbt olunur və sadə vətəndaşa burada park etməyə icazə verilmir. Hökumət və əlaqədar qurumlar vətəndaşların parkinq imkanlarını genişləndirməyə çalışmalıdırlar”. 

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı isə “Ölkə.Az”a açıqlamasında söyləyib ki, müxtəlif obyektlər açılarkən ilkin olaraq buradakı parklanma məsələləri nəzərə alınmalıdır:
“Təəssüf ki, Azərbaycanda bu belə deyil. Adətən, restoran, hotel, mağaza və s. kimi obyektlər tikilir və istifadəyə verilir, bir müddət sonra isə parkinq davası etməyə başlanılır. Səkini kəsərək parkinqə çevirməyə çalışırlar. Bu isə düzgün yanaşma deyil. Səkilər insanlar, eləcə də kiçik həcmli mobillik vasitələri üçün nəzərdə tutulur. Digər hallarda səkiləri kəsib parklanma yeri yaratmaq və piyadaların yolunu daraltmaq olduqca yanlış yanaşmadır və bu dövrün tələblərinə uyğun deyil”. 

Ekspertin fikrincə, şəhər, qəsəbə, kənd aurasından danışılırsa, piyadalar üçün normal şəraitin yaradılmasını ön plana gətirməliyik: “Bu gün təəssüf ki, Bakı şəhərində piyadaların yolu kəsilib. Çünki vaxtilə şəhərsalma üzrə tikinti normaları qorunmayıb, yollar, küçələr satılıb, heç bir prinsip və qaydalara riayət edilməyib. Belə olan halda bu cür problemlərin olması qaçılmaz idi. Şəhərsalmanın əsas prinsipləri hər yerdə tikinti işləri aparmaq, obyekt açmaq deyil”. 

“Obyekt sahibi zəhmət çəkib obyektini düz yol kənarında tikməsin, 5 metr irəli çəkib avtomobillər üçün parklanma yeri yaratsın. Bizim obyekt sahibləri torpaq alıb tam sahədə tikinti aparır, sonra da parkinq sahəsi üçün səkiləri zəbt edirlər”, - deyə E. Muradlı əlavə edib.

Könül
Ölkə.Az

 

Bənzər yazılar

0.19990181922913