Dmitri Peskov: Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb

 22-04-2024

Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası üzrə danışıqları davam etdirirlər, bəzi məsələlər artıq razılaşdırılıb", - deyə Kremlin sözçüsü vurğulayıb.

Dmitri Peskov Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması ilə bağlı da danışıb. Bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistin sualı cavablandırarkən deyib ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.

Belə ki, jurnalist Paşinyanın Azərbaycanla sərhəddə vəziyyətin dəyişdiyi, artıq orada cəbhə xəttinin olmadığı barədə dediklərini xatırladıb və İrəvanın Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb edə biləcəyi ilə bağlı Kremlin narahatlığının olub-olmadığını soruşub.

Peskov qeyd edib ki, bununla bağlı heç bir siqnal olmayıb, ölkə liderlərinin isə bu məsələyə qayıtmaq imkanları hələ də var.

“Prezident Putin və baş nazir Paşinyanın qısamüddətli perspektivdə bunları, həmçinin lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəyini gözləyirik”, - deyə Peskov vurğulayıb.

Bənzər yazılar

0.16901087760925