Ağdamda mina partladı – Yaralılar var

 12-04-2024

Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.

Məlumata görə, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hər iki şəxs ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Bundan başqa, DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov isə bildirib ki, işğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Bağırov Mirfəttah Bağır oğlunun vəziyyəti ağırdır.

"Xəstə daxil olarkən diaqnozu sol pəncənin, sol baldırın aşağı üçdə biri də daxil olmaqla, pəncəsinin travmatik amputasiyası, sol baldırın arxa sahəsinin genişsahəli qəlpə yaralanması, travmatik şok ağır dərəcəli diaqnozu ilə daxil olub. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir", - V.Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda lazımi tibbi müdaxilələr icra olunur və xəstədə cərrahi əməliyyat planlaşdırılır.

 

Bənzər yazılar

0.16567897796631