Prezidentin vəzifədən azad etdiyi icra başçısı kimdir?

 25-10-2023

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Pravda.az vəzifəsindən azad edilən A.Qocayevlə bağlı məlumatları təqdim edir: 

Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. O, 1965-ci ildə Çaylı kənd orta məktəbini, 1974-cü ildə isə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlayıb. 1968–1992-ci illərdə “Bakı Su Kəməri” İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləyib, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirib.

1997–2000-ci illərdə “Abşeron Regional Səhmdar Su” Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

A. Qocayev 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, üç övladı, yeddi nəvəsi var.

Bənzər yazılar

0.069209098815918