Emin Əmrullayev MƏKTƏBLƏRDƏ PUL YIĞIMINI könüllü adı ilə LEQALLAŞDIRIR: "Məktəbə könüllü ianə mümkündür"

 26-04-2022

“Valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsi ilə bağlı bir neçə model təqdim olunub”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, yeni tədris ilindən pilot şəkildə tətbiqi planlaşdırılır: “Məktəblər bu işə könüllü qoşula bilər. İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansı sahibkarlıq faəliyyəti ilə məşğul ola bilər. Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanuna ziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür”.

Bundan başqa,  Təhsil naziri Emin Əmrullayev məcburi köçkün məktəblərində çalışan və azad edilən rayonların sakini olmayan müəllimlərin gələcək taleyinə aydınlıq gətirib. Nazir “QəbuldASAN” verilişində hazırda məsələ ilə bağlı təhlillər aparıldığını deyib.

Onun sözlərinə görə, artıq azad olunan ərazilərdə məktəb tikintilərinə başlanılıb: “İlin sonunadək Şuşa və Ağdamda təhsil müəssisələri istifadəyə veriləcək. Müəllimlərin tədris üçün həmin məktəblərə getməsi öz-özlüyündə çətin prosesdir. Həmin ərazilərdəki məktəblər orada yaşayacaq insanlar üçün yaxşı iş imkanı deməkdir. Bir faktı da qeyd edim ki, hazırda kənddə ən çox əmək haqqı alan şəxs də məhz müəllimdir. Hazırkı məcburi köçkün məktəblərində çalışan, ancaq məcburi köçkün olmayan müəllimlərin məsələsinə gəlincə, onlar könüllü şəkildə qayıdıb işləyə bilərlər. Bu imkan tanınacaq. Əgər müəllim gedə bilmirsə, yerdəyişmə prosesi var. Həmin müəllimlərin hansısa formada sistemdə qalması üçün imkanlar yaradılacaq. Çünki onlarla müqavilələrimiz var”.

“Azərbaycanda fəaliyyət göstərən məktəblərin yalnız 8 %-də tədris digər dillərdə aparılır. Yerdə qalan məktəblərdə şagirdlər Azərbaycan dilində təhsil alırlar”.

Onun sözlərinə görə, fərq çox böyükdür: “Hər bir valideynin öz övladının tədirs dilini seçmək hüququ var. Rus bölməsinə getmək istəyən uşaqların dil biliyi yoxlanılır. Tövsiyəmiz odur ki, ailədə uşaq hansı dildə danışırsa, həmin dildə tədris alması məqsədə uyğundur. Uşağa ağır stres yaratmağa ehtiyac yoxdur. Ən yaxşı məktəblərimiz belə məhz Azərbaycan dilində olan məktəblərdir”.

Nazir bildirib ki, məktəbi bitirən hər bir Azərbaycan vətəndaşı qəbul imtahanı zamanı mütləq şəkildə dövlət dilindən imtahan verməlidir: "Rus bölməsində tədris olunan bəzi fənlərin Azərbaycan dilində tədrisi ilə bağlı pilot layihələrə də başlanılıb. Bakıda bəzi ingilisdilli özəl məktəblər var ki, orada mütləq şəkildə Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı ana dilində Azərbaycan vətəndaşlarına tədris edilməlidir. Əks halda həmin məktəblərin lisenziyaları geri alınmalıdır. Əgər qaydalara əməl olunmasa, ölçü götürülməlidir”.

Bundan başqa, Təhsil naziri Emin Əmrullayev şagirdlərin məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara aydınlıq gətirib. Nazir deyib ki, bu ildən ibtidai siniflər üzrə dərsliklər yarım illərə bölünüb.

E.Əmrullayev bildirib ki, nazirlik dərs yükünün azaldılması istiqamətində əlindən gələni edir: “Müşahidələrimiz göstərir ki, bəzən də lazım olmayan yük əsassız şəkildə çantalara yüklənilir. Həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazım deyil. Həmçinin qidalanma, su da var. Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlərdir. Heç də hər gün məktəbə aparılmayan əlavələrdir. Bu da məktəb səviyyəsində həll olunmalıdr. Nazirlik hər bir uşağın çantasını yoxlamaq iqtidarında deyil”.

“Dərslik və iş dəftərlərini yarı-yarıya bölmüşük. Bu, bir addımdır. Hesab edirəm ki, həmin vəsaitlər verilən proqramı mənimsəyə kifayətdir. Müəllim əlavə vəsaitdən istifadə edə bilər, ancaq hər gün uşaq onu çantasında daşımalıdır deyə bir şey yoxdur. Bu məsələnin ailə və məktəb arasında ünsiyyətlə tənzimlənməsi məqsədə uyğundur”, - o deyib

Bənzər yazılar

0.47123003005981