Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdı

 25-04-2024

Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun “Qalatasaray” klubunun sabiq futbolçusu, hazırda Türkiyə 1-ci Liqasında çıxış edən “Eyüpspor”un baş məşqçisi Arda Turan İtaliyanın məşhur “La Gazzetta dello Sport” nəşrinə müsahibə verib.

O, müsahibəsində xüsusən İspaniyadakı karyerasından söz açıb, “Atletiko”(Madrid) və “Barselona”da çıxış etdiyi vaxtları xatırlayıb.

37 yaşlı A.Turan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone haqqında yüksək fikirdə olduğunu bildirib:

“Dieqo Simeone işgüzar, futbolçularına qarşı çox tələbkar, lakin çəkəcəyin zəhmətin qarşılığını sənə qaytarmağı bacara bilən lider şəxsiyyətdir. O, mənə oyunu bütövlükdə görməyi aşıladı və uğurun yalnız mübarizə və əziyyətlə əldə oluna biləcəyini öyrətdi”.

Arda Turan “Atletiko”(Madrid) ilə necə müqavilə imzalamasından söz açıb.  
“Müqaviləni çox gizli, maşında, sanki bir polis filmində olduğu kimi imzaladım. Unudulmaz illərim oldu. “Atletiko”da göstərdiyimiz oyunla yeni bir futbol mədəniyyəti yaratdıq. Tarixin ən güclü komandaları olan “Real Madrid” və “Barselona”ya qarşı çempionluq mübarizəsi verdik”, - deyə Arda Turan xatırlayıb.

A.Turan müsahibəsində “Barselona”da eyni formanı geyindiyi Lionel Messi ilə münasibətlərindən də söz açıb.

“Deyəcək o qədər söz var ki... Messi sanki yadplanetli idi. Mənim onunla bağlı xüsusi xatirələrim var. Super Kubokun finalında iki qol vurdum və bir məhsuldar ötürmə etdim. “Sevilya" ilə kubokun finalında məni matçın adamı elan edəndə Messiyə baxdım, o, sadəcə başını tərpətdikdə, mükafatı almağa getdim. Sonra güldük və Messi mənə - “sən buna layiqsən”, - söylədi”, - deyə keçmiş futbolçu xatirələrini bölüşüb.

 

Bənzər yazılar

0.16845107078552