AXCP-nin Bərdə rayon şöbəsinin sədri QƏTLƏ YETİRİLİB

 27-06-2022

Bərdədə qətl törədilib.

MillətinSəsi.info APA-ya istinadən xəbər verir ki, Samux kənd sakini 1968-ci il təvəllüdlü Xəzər Məmmədov münaqişə zəminində 1954-cü il təvəllüdlü  Çapay Sadıqlını dəryazla vuraraq  qətlə yetirib.

Bildirilib ki, tərəflər arasında münaqişəyə səbəb hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə olub.

Qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki,  Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xəzər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib: "Faktla bağlı cinayət işi başlanıb. Onu da qeyd edim ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur".

Baş Prokurorluq AXCP-nin Bərdə rayon şöbəsinin sədrinin qətli ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan verilən xəbərə görə, iyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkənin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

0.21382784843445