Gömrük generalı barədə HƏBS QƏRARI VERİLDİ: Ehtiram Xəlilovun BİZNES ŞƏBƏKƏSİ

 22-06-2022

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

MillətinSəsi.info APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onu da bildirək ki, dövri mətbuatda E.Xəlilovun DGK-nın “qara kassa”sı olduğu ilə bağlı iddialar mövcuddur. Bundan əlavə, saxlanılan generalın Aksiz Gömrük Baş İdarəsinə rəhbərlik etdiyi dövrlərdəki fəaliyyəti ilə bağlı şübhəli məqamlar daha çoxdur.

Qeyd olunur ki, aksizsiz malları ölkəyə gətirən şəbəkəyə müvafiq dövrdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilov rəhbərlik edib.

Onun hətta özünəməxsus TIR-larının olduğu və həmin nəqliyyat vasitələrinin heç bir maneə ilə üzləşmədən aksizsiz malları gömrük-keçid məntəqələrindən keçirdiyi məlumatlar arasındadır.

Yerli KİV-lərin məlumatına görə, Ehtiram Xəlilovun bu cür fəaliyyətləri sayəsində böyük maliyyə resursları yaranıb. İddia edilir ki, saxlanılan idarə rəisi hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib.

Həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. Lakin tərəflər satışla bağlı qiymətlər məsələsində razılığa gələ bilməyiblər. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəni ələ keçirdiyi deyilir.

Qeyd olunan torpaq sahəsiysə “Çərəkə Turizm Mərkəzi”nin yerləşdiyi ərazidir. Hazırda da obyektə faktiki rəhbərlik edən Ehtiram Xəlilovun qudasıdır.

Generalla bağlı bir digər informasiyada isə qeyd olunub ki, general bir vaxtlar orta məktəb müəllimi olmuş atası Səyyaf Xəlilovun adını Göyçayın mərkəzində bir küçəyə qoydurmağa da nail olub. Ən maraqlı məqamlardan biri isə onun atasının məzarı üzərində hər gecə fəxri qaravulun dayanmasıdır.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Bənzər yazılar

0.20460200309753