Birinə 10, digərinə 8 il iş verilən keçmiş MTN-çilər də əfv olundular

 08-05-2023

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı əfv edilib.

Bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı Hərbi Məhkəməsinin 2018-ci il 23 aprel tarixli hökmü ilə məhkum edilən 1977-ci il təvəllüdlü Məmmədov Zaur İbiş oğlu və Bakı Hərbi Məhkəməsinin 2017-ci il 30 noyabr tarixli hökmü ilə məhkum edilən 1970-ci il təvəllüdlü Mehdiyev Azər Söhrab oğlu əfv edilib.

Məlumat üçün bildirək ki, general Zaur Məmmədov 10 il 6 ay, polkovnik Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında icrasına başlanıb.

Hazırda penitensiar müəssisələrdə sərəncam icra edilir.

Bu, sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Bənzər yazılar

0.18988990783691