MTN generalı Zakir Qaralov və Rüstəm Usubovu ittiham edir

 10-04-2023

MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin və digərlərinin işi üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu prosesdə  zərərçəkən Zaur Əliyevin şərlənərək həbs olunması epizodu üzrə dindirmələr olub.

Gununsesi.info xəbər verir ki, şahid Mirbala Əliyev ifadəsində deyib:

”2010-cu ilin iyun ayının ortalarında qızım mənə Zaurun həbsdən azad edilməyi üçün MTN əməkdaşları 80 min manat pul istədiklərini dedi. Oğlum Mirəli ilə birlikdə gedib, 80 min manat pulu “Təzə bazar”ın yaxınlığında MTN əməkdaşı, İstintaq Baş İdarəsində işləyən Təhsin Ağayevə verdilər. Pulu aldılar, ertəsi gün Zauru həbsdən buraxdılar”.

Şahid ifadəsini yekunlaşdırandan sonra Mövlam Şıxəliyev hakimə müraciət edib: “Mən, istintaq idarəsinin rəisi olsam da, faktiki olaraq kargüzarlıq və təşkilati işlərlə məşğul olmuşam. İstintaqa aid, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid bütün məsələlər baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubova aid olub. İstintaq İdarəsinə material gələndə mənim müstəntiqlərim birbaşa onlara məruz edirdilər. Və ya Baş Prokurorluqdan nümayəndə gələrək həmin materialı İstintaq İdarəsində müzakirə edirdi. Bunun nəticəsi olaraq cinayət işi başlanması və ya rədd edilməsi, qəti-imkan tədbinrin həbslə əlaqəli olub-olmaması və ya qəti imkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edilirdi. Ən sonda bu haqda mən məlumatlandırılırdım”.

Bu məqamda zərərçəkən Zaur Əliyev Mövlam Şıxəliyevə sual ünvanlayıb:

– Qeyri-iş günü, bayram günü MTN-ə dəvət olundum. MTN-in qapısında Təhsin Ağayev məndən 200 min pul istəyir. Pulu verə bilmədim. Həmin gün cinayət işinin başlanması və barəmdə həbs qətimkan tədbirinin seçilməsi baş verdi. Siz kargüzar idinizsə, bu necə oldu?

Mövlam Şıxəliyev:

– Həmin gün mən işdə olmamışam, bu barədə məlumatsızam. Nə edibsə, Təhsin Ağayev edib, bu barədə məlumatsızam.

Zərərçəkən: Bu mütəşəkkil cinayətkar dəstənin fəal üzvləri Zakir Qaralov, Rüstəm Usubov da burada, Mövlam Şıxəliyev yanında oturmalıdırlar. Şəxsən Rüstəm Usubovun vasitəsi ilə 34 zərərçəkmiş müxtəlif müddətlərdə girovluqda saxlanıblar”.

Bənzər yazılar

0.22188520431519