“Uşaqlar tibbi müayinədən keçdilər, hər şey qaydasındadır. Qan testinin nəticəsi yaxşıdır. Sadəcə olaraq 7 aylıq körpəmizdə bədən çəkisi aşağıdır. Ona görə qidaların əlavə olunması tövsiyə olundu. Eyni zamanda müəyyən vitamin çatışmazlığı olduğundan dərmanlar yazıldı. Tibbi müayinədən məlum oldu ki, təhlükəli bir patologiya yoxdur”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə həbs edilən prodüser Təranə Səmədovanın qızlarından danışarkən deyib:
“Təranə Səmədovanın böyük qızı Suel sığınacağımıza öyrəşib, öz yaşıdları var. Bacısı yanındadır. Ən əsas istəyi o idi ki, bacısı ondan ayrılmasın. Artıq yaxın günlərdə məktəbinin dəyişməsi də həyata keçiriləcək”.
“Rəqsanə İsmayılova uşaqlara görə sizinlə əlaqə saxlayırmı?” sualına isə Kəmalə Ağazadə belə cavab verib:
“Əlbəttə, əlaqə saxlayır. Gündə bir neçə dəfə uşaqlarla maraqlanır. Tək o deyil, tanıyanların əksəriyyəti uşaqlarla maraqlanırlar. Amma bu gün uşaqların daha çox təlim-tərbiyə və təhsilə ehtiyacları var. Biz onları həyata keçirəcəyik. Sosial Xidmətlər Agentliyininin əməkdaşları bu gün gəldilər, qiymətləndirmə də apardılar. Uşaqların vəziyyətini, qaldıqları yeri yoxladılar”.
“Təranə Səmədovanın uşaqlarını diləndirməsi haqqında ittiham hüquqi baxımdan öz təsdiqini tapdımı?” sualına cavabda sığınacaq rəhbəri deyib ki, hazırda hüquq-mühafizə orqanları təhqiqat apardığı üçün heç bir məlumat verə bilməz:
“Yəqin ki, təhqiqatın nəticəsi ilə bağlı DİN məlumat yayacaq”.