Jurnalist Aytən Məmmədovaya hücumla bağlı Prezident və Vilayət Eyvazova MÜRACİƏT EDİLDİ

 09-05-2022

Aytən Məmmədovaya hücuma görə cinayət işi açıldı

Bakıda jurnalist Aytən Məmmədovaya qarşı edilən bıçaqlı hücumla bağlı mətbuat konfransı keçirilib.

MillətinSəsi.info xəbər verir ki, mətbuat konfransı “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov, Zaur Əkbər, Zəfər Əhmədov və jurnalistlər Şəmşad Ağa, Aynur Elgünəş və Kamran Mahmudovun təşkilatçılığı ilə baş tutub.

Çıxış edənlər Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıblar.

Qeyd olunub ki, Aytən Məmmədovanın məruz qaldığı hadisə onun, Nərmin Quliyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı baş tutan məhkəmə proseslərini ardıcıl işıqlandırması və bu istiqamətdə apardığı jurnalist araşdırması ilə birbaşa bağlıdır. Bildirilib ki, daha əvvəl də Aytən Məmmədova ilə əlaqə saxlanılıb və məhkəmə proseslərini işıqlandırmaması ilə bağlı “xəbərdarlıq” edilib. Onun azyaşlı övladı ilə hədələndiyi qeyd olunub.

Jurnalist Aynur Elgünəş bildirib ki, Aytən Məmmədovaya hücum edilən binanın hər iki girişində kameralar olub və onlar işlək vəziyyətdədir. “Lakin hadisənin törədildiyi blokda elektrik kəsilib. Bu da hadisənin əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir”.

MillətinSəsi.info xəbər verir ki, jurnalist hadisənin necə baş verməsi barədə “Amerikanın səsi”nə danışıb.

Həmin videonu təqdim edirik:

 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

Polis mayorunun sözlərinə görə, A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Onun diqqətinə çatdırılıb fakt üzrə bütün zəruri tədbirlər icra olunur.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, ötən gün jurnalist Aytən Məmmədova Binəqədi rayonu ərazisində bıçaqlı hücuma məruz qalıb. Belə ki, jurnalistin tanımadığı şəxs ona yaşadığı binanın blokunda hücum edib. Bıçağı media nümayəndəsinin boğazına dirəyən şəxs, ondan adını çəkmədiyi məhkəmə işindən yazmamasını tələb edib.

Bənzər yazılar

0.21041083335876