Fevralın 8-nə planlaşdırılan əfsanəvi “Anadolu atəşi” rəqs şousu TƏXİRƏ SALINIB

 07-02-2023

Fevralın 8-nə planlaşdırılan əfsanəvi “Anadolu atəşi” rəqs şousu fevralın 19-na təxirə salınıb.

Bu barədə konsertin keçiriləcəyi “Baku Crystal Hall”un nümayəndələri məlumat veriblər.

Qeyd edək ki, rəqs kollektivi öz şoularında solo nömrələr, kütləvi dramatik səhnələr ifa etməklə yanaşı, “canlanan” dekorasiyalar qurur və qədim əfsanələri səsləndirir.

2002-ci ildə qastrol səfərlərinə başlayan qrup bütün dünyanı gəzib. Şou 106 ölkədə 45 milyondan çox tamaşaçı tərəfindən izlənilib. Yeni Zelandiya, Cənubi Koreya, ABŞ, Almaniya, Fransa, İspaniya, İtaliya, Azor adaları, Meksika, Yaponiya, Çili, Çin bu ölkələrdən yalnız bəziləridir.

“Anadolu atəşi” qonaq qismində davamlı olaraq dünya səviyyəli tədbirlərdə iştirak edir ki, bunlara misal olaraq Bəhreyndə keçirilən “Formula-1” yarışlarını, Qətərdə Asiya Olimpiya Oyunlarını, 2008-ci il Olimpiadasını və Çində keçirilən Asiya Sivilizasiyalarının Mədəniyyət Karnavalını, İstanbulda UEFA Kubokunun finalını göstərmək olar.

“Anadolu atəşinin təkamülü” və “Troya” proqramları ilə onlar dünyanın ən prestijli məkanlarında: Nyu-Yorkun “Madison Square Garden” və Münhen Olimpiya Zalında, üç dəfə Pekində və Paris Konqres Sarayında Xalq Məclisi yığıncağında, qədim türk şəhəri Aspendosun amfiteatrında və Misir piramidalarının qarşısında çıxış ediblər.

Türkiyənin “Anadolu atəşi” rəqs ansamblı iki dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Ən sürətli rəqs performansı (dəqiqədə 241 pa) və ən böyük tamaşaçı auditoriyası (Türkiyədə Ereqlidə 400 min tamaşaçı) sənətçilərin bu günə qədər əldə etdikləri nailiyyətlər sırasındadır.

Bənzər yazılar

0.24102401733398