Türkiyənin Bursa şəhərində yerləşən əyləncə məkanında solist olaraq çalışan qadın öldürülüb.
Cinayət solist qadına aşiq olan şəxs tərəfindən törədilib.
İddiaya görə, 46 yaşlı İzzet A. adlı şəxs əyləncə məkanında tanış olduğu 41 yaşlı Nurcan İnanın evinə gedib. Qadın onunla görüşmək istəməyib. İzzet Nurcanı “Gəl danışaq” bəhanəsi ilə evdən çıxmağa razı salıb. Qızı ilə aşağı düşən Nurcan İzzetlə mübahisə edib.
Qısa müddətdə mübahisə böyüyüb və İzzet özü ilə gətirdiyi silahı çıxararaq qızının gözü önündə qadını başından güllələyib.
Silah səslərini eşidən qonşular dərhal polisə məlumat veriblər. Hadisə yerinə çox sayda polis və sağlamlıq qrupları göndərilib.
Ağır yaralanan qadın xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Avtomobillə qaçan şübhəli qısa müddətdə yaxalanıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Qonşuları qatilin Nurcanı qətlə yetirdikdən sonra necə qaçdığını anbaan lentə alıb.
Mənbə: Haber Global