Ana 1 yaşlı oğlunu zəhərləyib öldürməkdə İTTİHAM OLUNUR

 12-09-2022

20 yaşlı ananın övladının yeməyinə hidrogen peroksid qatdığı deyilir

Bakıda ana 1 yaşlı oğlunu öldürməkdə ittiham olunur. Suraxanı Rayon Prokurorluğunun yaydığı məlumata görə, hadisə sentyabrın 9-da Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

20 yaşlı Nərgiz Bağıyevanın uşağın yeməyinə zəhər qatıb öldürdüyü iddia olunur.

“Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qatıb zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – prokurorluqdan bildirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli şəxs qismində saxlanılıb. Nərgiz Bağıyeva və ya vəkilinin onun uşağını öldürməsi haqda ünvanına səslənən ittihama münasibəti məlum deyil.

Bundan başqa, Bakıda bir yaşlı körpənin ölümünün detalları məlum olub.
 
Körpənin nənəsi Leyla Bağıyeva Baku TV-yə hadisə ilə bağlı danışıb: “Mən evdə olmamışam, işdə olmuşam. Uşağın südünə zəhər qatıb, içirdib öldürmək istəyib. Sonra da görüb uşaq ölmür, boğub öldürüb. İndi də deyir peşman olmuşam. Soruşuram ki, niyə belə etdin? Deyir ki, “cin-şeytan girdi beynimə”. Deyirəm ki, cin-şeytan girmişdisə, özünü dənizə atardın, adam dilsiz-ağızsız uşağı məhv edər? Özünü də, məni də məhv etdi. Balaca qızım zəng edib dedi ki, “mama, bacım uşağı öldürüb”. Qızım boşanmışdı. Həyat yoldaşı narkotik vasitə istifadəçisi idi”.
 
Körpənin nənəsi onu da qeyd edib ki, qızının psixoloji problemləri olub. Buna görə də azyaşlıya nənə özü baxırmış: “Hadisə baş verən gün dedi ki, evdə qalıb uşağa baxacam. Sən demə, uşağı öldürmək istəyirmiş. Əvvəllər psixoloji problemləri olmayıb. Bu uşaqdan sonra yaranıb”, - L.Bağıyeva deyib.
 
Qeyd edək ki, qətli törədən Nərgiz Bağıyevanın həyat yoldaşı cəzaçəkmə müəssisəsində cəza çəkib.
 

Bənzər yazılar

0.27995204925537