“Ailə Park” tikinti şirkəti AĞACLARI QƏSDƏN QURUDURMUŞ

 10-09-2022

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların quruduğu faktı aşkarlanıb.

Bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib. Bildirilib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Ailə Park” MMC tərəfindən qəsdən qurudulduğu və təbiətə ümumilikdə 11760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.

Qeyd edək ki, bir müddət öncə, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Ailə Park” MMC barədə inzibati protokol tərtib edib.

Nərimanov Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

 

Bənzər yazılar

0.20865201950073