Komitə Füzulidə inşa olunan uşaq bağçasının tikintisinə bir ildən sonra icazə verib

 29-10-2024

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Füzuli şəhərində 240 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün icazə verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.

Məlumatda göstərilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi 240 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 24 oktyabr 2024-cü il tarixli ETİ-35/24 saylı sənəd əsasında icazə verib.

Açıqlanan məlumatlarda göstərilir ki, 2 may 2024-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-3247/2024 saylı, həmçinin 6 may 2024-cü il tarixində tikinti layihəsinə dair 3-18-7/2-1879/2024 saylı ekspertiza rəyləri verilib.

Bildirilir ki, tikintisinə icazə verilən uşaq bağçasının tikinti sahəsi 2 800 kv. metr, ümumi sahəsi 4 717,4 kv. metr, mərtəbələrinin sayı isə 2 (zirzəmili) olacaq.

Lakin, qeyd edək ki, Füzuli şəhərində inşasına icazə verilən 240 yerlik körpələr evi-uşaq bağçasının təməli 16 oktyabr 2023-cü ildə atılıb.

Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci maddəsində açıq şəkildə göstərilir ki, tikintiyə icazə verən orqan tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində sənəd və məlumatları Reyestr kitabında qeydə alır.

Göründüyü kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 240 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə təxminən bir il sonra icazə verib.

Bənzər yazılar

0.091022968292236