Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

 20-05-2024

Bakı şəhərində yerləşən universitetlərin paytaxdan kənar ərazilərə köçürülməsi uzun müddətdir müzakirə mövzusudur. Bakıda olan əhali sıxlığını, tıxac problemini azaltmaq üçün bu məsələ əsas faktorlardan biri kimi göstərilir. Bu zaman həmin universitetlərin hara köçürüləcəyi sual doğurur.

Təhsil eksperti Qoşqar Məhərrəmov Valyuta.az-a açıqlamasında bildirdi ki, Bakıdakı universitetlərin köçürülməsi ehtiyacdır:

“Çünki universitetlərin çoxunun kampusları yoxdur, Bakıda da həmin universitetlər üçün kampus tikmək çətindir. Yəni, şəhərin içərisində yerləşən universitetlərin ətrafında universitetin ərazisini genişləndirmək, avto parklar salamaq, sosial sahələr meydana gətirmək, tələbələrin əylənə və istirahət edə biləcəyi məkanlar yaratmaq üçün yer yoxdur. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti kimi köklü universitetlər var ki, onların geniş universitet şəhərciyinin olması arzulanandır. Ona görə də, bu universitetlərin köçürülməsində müsbət prespektivlər var. Bu zaman orada təhsil alanlar daha gözəl tələbə həyatı yaşaya bilərlər”.

Universitetlərin köçürlə biləcəyi yerlərdən danışan ekspert onu qeyd edib ki, universitetləri daha çox mərkəzi şəhərlərə köçürmək olar:

“Universitetləri Şamaxı, Gəncə, Şəki, Lənkəran və digər bəzi mərkəzi şəhərlər var ki, burada yeni kampuslar tikilə, universitet şəhərcikləri salına bilər. Həmin universitetlər regionlara köçürülsə, bu həm də regionların iqtisadi inkişafına gətirib çıxaracaq”.

Bənzər yazılar

0.066457986831665