Bakıda quldurların basqın etdiyi ev Xalq artistinin qardaşının OLUB- VİDEO

 23-08-2022

Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində evə basqın edən şəxslər saxlanılıblar.

Bu barədə DİN-dən məlumat verilib.

Məlumata görə, avqustun 20-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum 3 nəfərin qonşu adı ilə açdırmaları, mənzilə daxil olarkən həmin şəxslərdən birinin əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurması, digərlərinin isə evi axtardıqdan sonra oradan qaçmaları barədə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva və Jalə Mahmudova saxlanılıblar.

Hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evində baş verib.

Əflatun Kərimov deyib ki, mətbəxdən çıxıb oğluna kömək etmək istəyərkən həmin şəxslər ona da hücum edərək döyməyə başlayıblar. Daha sonra onlardan biri evdə axtarış aparmağa başlayıb.

Basqınçıların soyuq silahda olduğunu görən Əflatun Kərimovun həyat yoldaşı dərhal dəhlizə çıxaraq qonşulardan kömək istəyib. Qonşular hadisə yerinə gələn kimi iki nəfər oradan qaçıblar.

Xalq artistinin qardaşı  hadisə ilə bağlı polisə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, polis quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva, və Jalə Mahmudovanı saxlayıb. Onlar ifadələrində bildiriblər ki, sözügedən mənzili səhv salıblar.

Faktla bağlı dəstə üzvləri barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

Bənzər yazılar

0.22296404838562