FHN-dəki video qalmaqalı Kəmaləddin Heydərovu vəzifəsindən AZAD EDƏ BİLƏR

 18-08-2022

FHN-dəki məlum video qalmaqalı dövlət qurumunun rəhbəri Kəmaləddin Heydərovu hədəfə gətirib. Rəsmi mundirdə olan yüksək vəzifəli şəxslərin əxlaqsızlığından sonra nazirlə bağlı sərt ittihamlar səslənməkdədir.

Sosial şəbəkələrdə cəmiyyətin ən müxtəlif seqmentinə məxsus olan şəxslər nazirin istefa verməli olduğunu bildirirlər. Dünyanın əksər ölkəsində belə qalmaqallar baş verən zaman rəhbər şəxslərin öz postundan imtina etdiyini bildirirlər. Azərbaycanda isə ilk dəfədir ki, səviyyəsinə görə aşağı, rezonansına görə isə böyük olan hadisə baş verib.

Maraqlıdır ki, belə bir məqamda mediaya guya həmin “filmin qəhrəmanı” olan polkovnikin videolar yayılmazdan öncə öz vəzifəsindən istefa verməsi haqda məlumat sızdırılıb. Burada məqsədin nə olduğunu təxmin etmək çətin deyil. Lakin bu malipulyativ xəbər bu biabırçılığı ört-basdır etmək gücündə deyil.

Ortada olan fakt yüksək vəzifəli şəxsləri, millət vəkillərini də narahat etməkdədir. Çünki bu, insanların dövlət qurumlarına olan inamını sarsıda biləcək bir faktdır. Buna görə də onlar bu inamı bərpa edəcək addımın atılmasını mühüm hesab edirlər. 

Videolar yayılandan sonra bir neçə millət vəkili nazir Kəmaləddin Heydərovun öz vəzifəsindən dərhal istefa verməsini vacib hesab edir. Redaksiyamızla əlaqə saxlayan və fikrini öyrəndiyimiz bir neçə deputat da bu addımın labüd olduğunu vurğulayır. Lakin onlar hələ ki bu tələblərini ictimailəşdirmək istəmir, ehtiyatlı mövqe tuturlar. Prosesin gedişində hansı mövqeni nümayiş etdirəcəkləri haqda isə proqnoz vermək çətindir. 

Onu da qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videolarını yaymaqda təqsirləndirilən FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd edilir:

"Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə, qeyd edilib.

Qeyd olunub ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmə Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə FHN-in işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bənzər yazılar

0.20152306556702