Prezident İlham Əliyev: “Azərbaycan qazına olan tələbat kəskin artıb”

 01-06-2022

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

“Ölkəmizin enerji daşıma sisteminin səmərəliliyinin artırılması Azərbaycandan qaz ixracını artırmağa imkan verəcək. Bu, bizim məqsədimizdir, əminəm ki, ona nail olacağıq.

Çünki bundan əvvəl planlaşdırdığımız hər bir şeyi - bu, təkcə neft-qaz sahəsinə aid deyil - həyata keçirmişik və bunu maksimum effektiv şəkildə etmişik”, - dövlət başçısı deyib.

Onun sözlərinə görə, ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və konfransı, həmçinin hazırda keçirilən Bakı Enerji Həftəsi bütün bu mühüm məsələləri müzakirə etməyə imkan verəcək.

“Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir. Enerji strategiyamızın qəbul edildiyi ilk gündən etibarən bunun üzərində çalışırıq: ixrac marşrutlarımızı şaxələndirmişik, müxtəlif istiqamətlərdə 3 neft kəməri, 4 qaz kəməri yaradılıb, 4 ölkəyə elektrik enerjisi ixrac edirikAzərbaycan qazına olan tələbat kəskin artıb”.

Dövlət başçısı hər il Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının iclaslarının keçirildiyini xatırladıb.

“SGC artıq işləyir, indi yeni körpülər, yeni əlaqələr, interkonnektorlar üzərində işləmək, Avropanın qaz bazarında iştirakımızı genişləndirmək üzərində düşünməliyik. Bu gün, iyunun 1-nə olan vəziyyət tamamilə fərqlidir. Azərbaycan qazına olan tələbat kəskin artıb və əlbəttə ki, bu nəzərə alınmalıdır.

Eyni zamanda, bizim potensial istehlakçılarımız başa düşməlidirlər ki, bir ilə böyük həcmdə qaz hasil etmək mümkün deyil, bunun üçün müqavilələr olmalı, danışıqlara başlanılmalı və sürətləndirilməlidir. İstehsalı artırmaq və mövcud infrastrukturu genişləndirmək üçün ənənəvi tərəfdaşlarımız olan enerji şirkətləri ilə işləmək lazımdırAzərbaycan bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır”.

Dövlət başçısı deyib ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi mühüm rol oynayır və qlobal enerji oyunçularının diqqətini Azərbaycana yönəldib.

“Azərbaycandan Gürcüstana ilk boru kəməri olan “Bakı-Supsa”nın işə salınması vacib hadisə idi. Bu, bizə ixraca başlamaq imkanı yaratdı. Eyni zamanda, tərəfdaşlarımızla qaz yataqlarının, o cümlədən, “Şahdəniz” yatağının işlənməsinə başladıq və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə salındı. Həmin vaxt ilk dəfə olaraq, Azərbaycan qazı Türkiyə və Gürcüstan bazarlarına ixrac olunmağa başladı. O vaxtdan etibarən Bakı-Tbilisi-Ceyhan layihəsi və Azərbaycanın digər enerji infrastrukturları fasiləsiz işləyir. Əlbəttə ki, bu, proqnozlaşdırma, etibarlılıq, texniki və maliyyə baxımdan mürəkkəb bu cür genişmiqyaslı infrastruktur layihələri həyata keçirmək qabiliyyətimizi nümayiş etdirir”, - Prezident vurğulayıb.

Bənzər yazılar

0.21815204620361