Rəcəb Tayyib Ərdoğan: “Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!”

 28-05-2022

“Biz kədəri də, sevinci də bir olan, sözdə yox, əməldə qardaş olan iki dövlətik”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

“Əziz qardaşım, dəyərli qonaqlar, sizi salamlayıram. Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam. Müstəqillik gününüzü ürəkdən təbrik edirəm. Qəhrəmanlarımızı rəhmət və hörmətlə anıram. Allah onların ruhlarını şad, məkanlarını cənnət eləsin.

Türkiyə kimi bura da bizim vətənimizdir. Doğulduğumuz yerlər kimi bura da bizim yurdumuzdur. Türkiyənin hər qarışı da sizin vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?! Keçən il Şuşa Bəyannaməsi ilə münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırdıq. 

İlham qardaşımın töhfəsi ilə əlaqələrimizi nəinki regiona, bütün dünyaya nümunə olan səviyyəyə çatdırmışıq. Səfərimin “Şuşa ili”nə təsadüf etməsi xüsusi əhəmiyyətlidir. Bu gün bura geniş heyətlə gəlmişəm. Sizə “Qarabağ” deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm. İki həftə əvvəl Rize-Artvin hava limanının açılışında qardaşım İlham Əliyevlə birlikdə iştirak etmişdik, bu gün də burada birlikdəyik.

Biz haqsızlıq qarşısında susanlar olmadıq, olmayacağıq. Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur. Çünki biz harada ədalətsizlik varsa, səsini çıxaran cəsarətli millətin nümayəndəsiyik.

Əziz qardaşım, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ otuz ildən sonra azad oldu. 44 günlük Vətən müharibəsi ağır, texnologiya və cəsarət birləşdiyi halda nələrə qadir ola biləcəyimizi bütün dünyaya göstərdi”.

Türkiyə Prezidenti Nobel mükafatı laureatı Əziz Səncərə festivala qatıldığı üçün təşəkkür edib: “Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşımızla azadlığında iştirak etdiyi torpaqların hər qarışına, Zəngəzura, Laçına, Şuşaya, Azərbaycanın hər bölgəsinə salamımı göndərirəm. Qardaşlığımızı Allah əbədi etsin!”

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün diplomatik əlaqələrin 30 illiyini böyük qürurla qeyd edirik: “Diplomatik əlaqələrimiz 30 il əvvəl qurulsa da, tale birliyimiz tarixin dərinliyinə uzanır. Hər zaman ürəklərimiz, biləklərimiz ortaq mübarizədə bir olub”.

 

Bənzər yazılar

0.24458003044128