Prezident İlham Əliyev: “Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq”

 28-05-2022

“Bu gün Azərbaycanda bayram günüdür. Müstəqillik Günüdür. Ən əziz bayramdır. Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır. Bütün qonaqları səmimiyyətlə salamlayıram”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, 104 il əvvəl müsəlman aləmində ilk Xalq Cümhuriyyət quruldu və iki ildən sonra süqut etdi: “Azərbaycan ötən 30 il ərzində Türkiyənin dəstəyini, qardaşlıq dəstəyini hər zaman hiss edib. Bu gün də hiss edirik. Bu gün Türkiyə və Azərbaycan yenə də bir yerdədir. Biz iki həftə əvvəl Türkiyənin gözəl yerlərindən olan Rizedə əziz qardaşımla bərabər idik. İki həftədən sonra Bakıda yenə də bərabərik. Biz yaxşı günlərdə də, çətin günlərdə də, hər zaman bir-birimizin yanındayıq. Elə etməliyik və elə edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun.

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bölgə üçün, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, güvən, sabitlik faktorudur. Nə qədər Türkiyə-Azərbaycan bir yerdə inamla addımlasa, o qədər bölgəmizdə sülh və barış möhkəm olacaq. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” müharibənin ilk saatlarında deməsi bizə əlavə güc verdi”, - Prezident əlavə edib.

“Bu gün “TEKNOFEST” festivalı bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Festivalda iştirak edən gənclər əminəm ki, bu tarixi hər zaman yadda saxlayacaqlar.

Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar. Festivala Əziz Səncər də təşrif buyurdu. Əziz Səncərlə əvvəlki görüşümü xatırlayıram, mənə dedi ki, onun hər zaman böyük arzusu var idi: Şuşaya getmək.

Mənimlə görüşdən sonra Şuşaya getmişdi. Bildirmişdi ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə olmuşam, Şuşanı da gördüm və bizi də çox xoşbəxt etdi. Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm də vətənpərvər insan. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız.

Bu gün eyni zamanda, Səlcuq Bayraktarı səmimiyyətlə salamlamaq istəyirəm. Səlcuq bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Səlcuq bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir”.

Dövlət başçısı bildirib ki, İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur: “Səlcuq bəy dünən Şuşada idi. Əminəm ki, Şuşada olarkən bir daha gördü ki, Azərbaycan və Türkiyə istənilən qarşıda duran vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Və gənclər üçün Səlcuq bəy də gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Səlcuq bəy kimi olmağa çalışacaqlar”, - Prezident İlham Əliyev vurğulayıb.

Bənzər yazılar

0.21237587928772