“Ozon aptek”in instaqram hesabını oğurlayan şəxsə HÖKM OXUNDU

 26-05-2022

“Ozon aptek”in instaqram hesabını oğurlayan şəxsə hökm oxunub.

Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə 2020-ci ildə Bakıda baş verib. Belə ki, Orxan Yaqnaliyev zərərçəkmiş E.Abbasova 300 manat müqabilində “Ozon optik” və “Ozon Aptek” instaqram səhifələrinin instaqram sosial şəbəkəsi tərəfindən təsdiqlənmiş və hesabın müəyyən marka və tanınmış hesab olduğunu göstərən “mavi tık” əlavə edə biləcəyini deyib.

Daha sonra təqsirləndirilən şəxs “Ozon optik” və “Ozon Aptek” adlı instaqram hesabının istifadəçi adı, şifrəsini və sair şəxsi məlumatları qanunsuz olaraq dəyişərək komputer sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan rəqəmsal komputer məlumatı hesab edilən sosial şəbəkənin hesabını buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə ələ keçirib.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılıb.

Orxan Yaqnaliyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib:

“Boş vaxtlarımda sosial şəbəkələrlə məşğul oluram. Bir gün yutubda videolara baxanda səhifələrin parolunu qırmaq haqqında material izlədim. Çox asan olduğuna görə telefonuma “Play Market”-dən həmin proqramı yüklədim. Bundan sonra hadisələr baş verdi. Əməldən çox peşmanam. Bunun xırda qanun pozuntusu olduğunu düşünürdüm, əməlin cinayət hesab edildiyini bilmirdim. Xahiş edirəm barəmdə bəraət hökmü çıxarılsın”.

Zərərçəkən E.Abbasov ifadəsində deyib ki, “Ozon aptek” səhifəsindən gündəlik 1500-2000 manat dəyirəndə alış-veriş olunurdu. Səhifənin ələ keçməsi ilə onlara böyük zərər dəyib:

“Bu şəxs əvvəlcə bizi inandırdı ki, instaqram sosial şəbəkəsinin Türkiyə Respublikasındakı rəsmi nümayəndəliyinin Azərbaycandakı nümayəndəsidir. 300 manat müqabilində “Ozon optik” və “Ozon Aptek” instaqram səhifələrinin instaqram sosial şəbəkəsi tərəfindən təsdiqlənmiş və hesabın müəyyən marka və tanınmış hesab olduğunu göstərən “mavi tık” əlavə edə biləcəyini bildirdi. Biz də ona güvənmək üçün pulu “Mavi tık”ı alandan sonra verəcəyimizi demişdik. O da razılaşdı. Amma sonra gördük ki, səhifələr silinib. Xüsusilə “Ozon aptek” bizim əsas səhifəmiz idi. Orada 98 000 izləyici vardı. Həmin səhifə vasitəsilə aptekdən gündəlik 1500-2000 manat dəyirəndə alış-veriş olunurdu. Bu səbəbdən də bizə böyük zərər dəydi”.

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən Orxan Yaqnaliyev 2 il müddətinə kompyuter texnologiyaları sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılıb.

Bənzər yazılar

0.21435403823853