Nazirlər Kabinetinin İşlər İdarəsi müdirinin avtomobilinə hücum edən biznesmen saxlanılıb

 09-04-2023

Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən TNS-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək aprelin 6-da səhər saat 08 radələrində avtomobilinə hücum edildiyini deyib.

O bildirib ki, tanışı, 1969-cu il təvəllüdlü Vahid Xələfov səhər saatlarında Xəzər rayonu Şağan qəsəbəsində idarə etdiyi “Lexus” markalı, 10 ** 200 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib. Həmin şəxsin əlində silaha bənzəyən əşya ilə avtomobilə zərbələr endirdiyini deyən Hikmət Xəlilov onun hədə-qorxu ilə pul tələb etdiyini iddia edib.

Qeyd edək ki, Vahid Xələfov tikinti şirkətinin sahibidir. Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.

Daha əvvəl isə Hikmət Xəlilovla Vahid Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə Hikmət Xəlilovun xeyrinə qərar çıxarıb.

Bənzər yazılar

0.49001002311707