Səhiyyə Nazirliyi rəsmisindən vitaminlərlə bağlı ÇAĞIRIŞ 

 05-04-2023

“Gərgin iş gününün sonunda yorğunluq hissi yaranır, bu, əslində vitamin çatışmazlığından qaynaqlana bilir. Hətta vitamin çatışmazlığı insanda bədən ağrılarına səbəb ola bilir”.

Bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O bildirib ki, bu kimi hallarda diaqnoz əsasında orqanizmin tələbatına uyğun olaraq A, D, E vitaminlərinin qəbulu çox önəmlidir.

Həkim onu da qeyd edib ki, vitamin çatışmazlığının simptomlarını hər kəs az-çox müşahidə edə bilsə də, həkim nəzarəti olmadan vitamin qəbulu düzgün deyil:

“Bu simptomlar müxtəlif xəstəliklərin ilkin əlamətləri də ola bilər. Bunu isə insan özü müəyyən edə bilməz. A, D, E, B vitaminləri özbaşına qəbul edilə bilməz. Halsızlıq minimum 30 xəstəliyin simptomu ola bilər. Əgər dəqiq diaqnoz qoyulmadan insan hər hansı vitamin qəbuluna başlayırsa və orqanizmin bu vitaminə ehtiyacı yoxdursa, bu, özlüyündə intoksikasiyaya gətirib çıxara bilər. Bu isə bədənə ziyandır. Normadan artıq qəbul edilən heç nə orqanizmə fayda verməz”.

Həkim onu da bildirib ki, bəzi uşaqlarda C vitamini çatışmazlığından bədəndə, ağızda yaralar əmələ gələ bilər: “Uşaqlarda ancaq yatmaq hissi, yorğunluq varsa, inkişafdan geri qalırsa, deyə bilərik ki, vitamin çatışmazlığı var. Valideynlər dərhal həkimə müraciət etməlidirlər. Uşaqlarda dərialtı qansızmalar olursa, qolu, ayağı harasa dəyəndə anında göyərirsə, bu da A, C vitaminlərinin çatışmazlığından xəbər verir”.

Həkimin sözlərinə görə, immun sistemi zəif olan uşaqlarda dırnaqlarda qırılmalar ola bilir ki, buna da diqqət etmək lazımdır.

Bənzər yazılar

0.20843100547791