İcra başçısı Siraqəddin Cabbarov ictimai fəaldan şikayətini geri götürməsi üçün ona təzyiq etdirir?! - ŞOK İDDİA

 30-03-2023

Saatlı rayon sakini Cavanşir Abasov rayondakı nöqsanları tənqid etdiyinə görə cərimələnib və indi həbs təhlükəsilə üzləşib.

İctimai Fəal Cavanşir Abasov Turan-a bildirib ki, uzun müddətdir ki, Saatlı rayonunun keçmiş icra başçısı və Sabirabad Rayon İcra Hakimiyyətinin hazırkı rəhbəri Siraqəddin Cabbarovdan dövlət orqanlarına şikayət edir.

Cavanşir Abasovun sözlərinə görə, söhbət vətəndaşların pensiya təminatı ilə bağlı problemlərdən, sosial infrastrukturun inkişafına ayrılan büdcə vəsaitlərinin “mənimsənilməsindən” gedir.

“Bu fikirlərimə görə Saatlı Rayon Məhkəməsi məni Cabbarovun şərəf və ləyaqətinin təhqir edilməsi iddiası üzrə 1000 manat cərimə edib. Məhkəmə təkzib verməyimi qərar alıb. Amma mən həqiqəti söyləmişəm və onu təkzib etmək fikrində deyiləm”, – Abasov qeyd edib.

CVB

Fəalın sözlərinə görə, martın 27-də onu Qarabağ Müharibəsi veteranlarının şikayəti üzrə Saatlı rayon polis şöbəsinə çağırıblar.

“Onların narazılığına səbəb mənim sosial şəbəkələrdə dövlət, prezident haqqında danışmağım, onların şərəf və ləyaqətini təhqir etməyim olub. Ancaq mən heç kimi təhqir etməmişəm, sadəcə, tənqid etmişəm.

Onlar məndən rayon rəhbərindən şikayətimi geri götürməyimi tələb etdilər, amma razılaşmadım.

Bu gün məni rayon icra və probasiya çağırdılar, orada da şikayətimi geri götürməyi təklif etdilər, cərimədən azad edəcəklərini vəd etdilər, ancaq yenə də razılaşmadım”, – Abasov qeyd edib.

Bu gün isə onu Cabbarovun iddiası üzrə qərarın icra olunmaması ilə əlaqədar məhkəməyə çağırıblar.

“Hakim cərimənin ödənilməsinin və təkzib verilməsinin vacibliyindən danışdı. Dedim ki, cəriməni ödəyərəm, amma təkzib verməyəcəm. Dedilər ki, məhkəmənin qərarını tam icra etməsəm, inzibati qaydada həbs olunacağam”, – Abasov bildirib.

Sabirabad Rayon İcra Hakimiyyətində şərh verməkdən imtina ediblər və qeyd ediblər ki, bu məsələ ilə bağlı yalnız Cabbarov özü danışa bilər və o, hazırda tədbirdədir.

Cabbarovdan şərh almaq mümkün olmayıb.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov Turan-a bildirib ki, “Qarabağ Qaziləri” Birliyi Saatlı fililalının bir neçə üzvü 4 vətəndaşdan, o cümlədən Abasovdan rayon polis şöbəsinə kollektiv şikayətlə müraciət edib.

“Araşdırma aparılması üçün həmin şəxslər polisə çağırılıb və onlardan izahat alınıb”, – Həmidov qeyd edib.

Cavanşir Abasova və digər şəxslərə heç bir təzyiq olmayıb, Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Bənzər yazılar

0.22492480278015