Emin Hüseynov: “Azad edilmiş ərazilərdəki şəhərlərdə yeni küçələr və küçə adları olacaq”

 16-02-2023

“Düşmən tərəfindən səkkiz şəhərimiz yerlə bir edilib. Şəhərlərin Baş planları üzrə yeni infrastruktur qurulur”.

APA xəbər verir ki, bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə yenidən bərpa olunacaq şəhərlərdə əvvəlki küçələr daha olmayacaq:

“Yeni küçələr və küçə adları olacaq. Ağdamda bu məsələ ilə bağlı layihə dövlət başçısına təqdim olunub. Torpaq islahatı ilə bağlı işlər davam etməkdədir. İnsanlar köçdükcə vacib məsələ torpaq məsələsidir ki, bu yanaşmalarda beynəlxalq təcrübələr öyrənilir. Bu ayın sonunda İsrail və Türkiyəyə səfərlər olacaq. Məqsəd oradakı islahat təcrübəsinin öyrənilməsidir. Ailələrin məşğulluq məsələləri xüsusi olaraq nəzərə alınmalıdır. Digər məsələ də özəl investisiyaların cəlb olunmasına diqqət yetirilməsidir. Bu sahədə müəyyən suallar var. Etiraf edirəm. Sənədlərlə, xüsusən də çıxarışların verilməsi, icarə müqaviləsinin verilməsi, torpaq haqda sənədlərin verilməsi üzərində işləyirik. Əhalinin qayıdışında mina təhlükəsi hələ də qalmaqdadır”.

Emin Hüseynov onu da deyib ki, hazırda Tərtər rayonunun Talış kəndində tikinti işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir, fevralın sonuna qədər işlər başa çatdırılacaq.

“Ümid edirik ki, fevralın sonuna qədər həmin ərazi 20 ailənin köçürülməsi üçün hazır olacaq. Hazırda orada gecə-gündüz iş aparılır”, - deyə o qeyd edib.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, 2022-2026-cı illərdə Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında 15 999 evin tikintisi planlaşdırılır: “Baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün burada bir neçə pilot layihə tətbiq ediləcək. O cümlədən iki yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılıb, daha iki layihə nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. Dövlət kifayət qədər vəsait ayırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşımıza qoyulub. Füzuli, Ağdam, Xocavənd və Tərtər rayonlarında çoxsaylı infrastruktur layihələri icra edilir. Prezident tərəfindən təməli qoyulmuş layihələr üzrə işçi qrupları formalaşdırılır”, - deyə o qeyd edib.

Bənzər yazılar

0.22672510147095