Sabiq icra başçısı yenidən MƏHKƏMƏ QARŞISINDA

 11-02-2023

Ali Məhkəmədə Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli şəxslər barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 22-nə təyin edilib.

Qeyd edək ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla saxlanılıblar. 

Keçmiş vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunublar.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Doqquz aya yaxın davam edən araşdırmadan sonra məhkəmə ittiham olunan şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsinin tətbiq edilməsi qənaətinə gəlib.

Məhkəmənin qərarı ilə sabiq icra başçısı Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.

Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.

Bənzər yazılar

0.23368883132935