Qaradağ icra başçısı NİYƏ İŞƏ ÇIXMIR? - Köməkçisi məzuniyyətdə olduğunu DEYİR

 18-01-2023

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bir müddətdir işə çıxmır.

32gun.az xəbər verir ki, icra başçısının səhhətində problem yaranıb və paytaxtdakı xəstəxanaların birinə yerləşdirilib.

Sayt məsələ ilə bağlı özü ilə əlaqə saxlamağa çalışsa da telefona cavab verməyib.

Sonra redaksiyaya zəng edən şəxs icra başçısının köməkçisi olduğunu deyərək Süleyman Mikaylovun məzuniyyətdə olduğunu, nə vaxt qayıdacağı ilə bağlı məlumat verməyəcəyini qeyd edib.

Xatırladaq ki, Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb.

1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib.

1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.

1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.

Onu da xatırladaq ki, "çakır" ləqəbli Qaradağ RİH-in başçısı Süleyman Mikayılovun  adı hər zaman mətbuatda neqativ işlərdə, rüşvət və korrupsiya hallarında hallanıb.

Bənzər yazılar

0.23444604873657